Bəzi hallarda məktəblərdə baş verən kollektivdaxili narazılıqların ictimailəşməsi qınaqla qarşılanır. Bunu məktəbə olan ehtiramın nümunəsi kimi də qiymətləndirə bilərik. Amma nəzərə alsaq ki, məktəb də canlı sistemdir və insanların kütləvi münasibətdə olduğu məkandır, bu baxımdan təhsil müəssisəsində də fikir həmrəyliyini də, narazılıqları da təbii qarşılamalıyıq. Necə deyərlər, həyat varsa, problem də var. Narazılığın ictimailəşməsinə gəlincə, bu, sosial şəbəkələrin yaratdığı imkanlara görə bir tərəfdən təbii olsa da, müəllim və məktəb nüfuzu baxımından o qədər də məmnunluq yaratmır. Məktəbin və müəllimin fəaliyyətini tənzimləyən bütün qayda və sənədlər olduğu halda, kollektivdaxili hər hansı narazılığın ictimailəşdirilməsi nədən qaynaqlanır? Bu mövzuda son günlər gündəmə gəlmiş bir məsələyə aydınlıq gətirmək üçün 169 nömrəli məktəblə əlaqə saxladıq. Məlumat üçün nəzərə çatdıraq ki, məktəbin müəllimi İbrahim Cəfərov sosial şəbəkələrdə və bir sıra KİV-də çıxış edərək çalışdığı təhsil müəssisəsində ona qarşı təyziq olduğunu iddia edib. Məktəbdən bildirildi ki, rus dili müəllimi İ.Cəfərov məktəbə yerdəyişmə əsasında gəlib. 16.09.2019-cu il tarixində müvafiq əmri verilsə də 16.10.2019-cu il tarixindən işə çıxıb. İlk dərs günündən məktəb rəhbərliyinə müxtəlif bəhanələr gətirib. İşlədiyi qısa müddətdə məktəbdə şagird və müəllimlərlə kobud rəftarına görə valideynlər və pedaqoji heyət arasında narazılığa səbəb olub. Müəllim barəsində məktəb rəhbərliyinə şikayət ərizələri təqdim olunub. İ.Cəfərov dərs zamanı şagirdlərlə müəllimə uyğun olmayan söhbətlər aparıb, məktəbdə direktor müavini, kitabxanaçı, riyaziyyat və rus dili müəllimləri, eləcə də texniki işçi ilə mübahisə edib. 17 oktyabr 2019-cu il tarixdə məktəbin digər rus dili müəlliminin dərsinə kobud şəkildə müdaxilə edərək müəllimin və şagirdlərin sinif otağını tərk etməsini tələb edib. Əsassız istəyi yerinə yetirilmədikdə xanım müəllimi şagirdlərin gözü qarşısında təhqir edib, müəllim nüfuzuna xələl gətirən xoşagəlməz ifadələr işlədib. Hadisədən sonra təhqir olunan müəllimin halı pisləşib və bununla əlaqədar olaraq məktəbə təcili tibbi yardım, sonra isə 13-cü polis bölməsinin əməkdaşları gəlib. İ.Cəfərov dərsinin dinlənilməsini nəzərdə tutan direktor müavinlərinə isə sosial şəbəkələrdə problem yaradacağını bildirməklə hədə-qorxu gəlib, öz fənnini tədris etmək əvəzinə tədris proqramında olmayan digər dilləri şagirdlərə öyrətməsi üçün şərait yaradılmasını tələb edib. Bunun tədris proqramına uyğun olmadığı bildirildikdə, o, müəllim adına və məktəb mühitinə uyğun olmayan davranış nümayiş etdirib. Məktəb rəhbərliyinin dəfələrlə müvafiq davranış qaydalarına əməl etməyin zəruriliyi barədə xəbərdarlığına məhəl qoymayaraq, ona irad bildirən hər kəsi hədələyib. Müəllimin qeyri-uyğun davranışı və əsassız iddiaları ilə bağlı belə bir halın baş verməsi təəssüf ki, məktəbdə mənəvi-psixoloji durumun gərginləşməsinə, məsələnin birtərəfli qaydada ictimailəşdirilməsi isə məktəbin ictimai nüfuzuna ciddi şəkildə xələl gətirilmə cəhdindən başqa bir şey deyil. Əminik ki, kollektivin birgə səyi ilə tezliklə məktəbdəki abı-hava əvvəlki axarına düşəcək, yeni işə başlayan müəllim də bu səmimi mühitə uyğunlaşacaqdır.