Azedu.az

Təhsil Nazirliyindən əks-səda yaradan çarx – “Şagirdimizi dinləməyi bacarmalıyıq” - VİDEO        

24 Oktyabr 2019, 10:20
Təhsil Nazirliyindən əks-səda yaradan çarx – “Şagirdimizi dinləməyi bacarmalıyıq” - VİDEO         

Təhsil Nazirliyi tərəfindən hazırlanan “Mənimlə danış” videoçarxı sosial mediada əks-səda doğurub.  Məktəblərdə fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşan şagirdlərlə bağlı hazırlanan bu videoçarx həmin məsələlərin köklü səbəblərini göstərir.

(Qeyd: yazının sonunda həmin video ilə tanış ola bilərsiniz)

 Nazirliyin yeni başlatdığı “Mənimlə danış” kampaniyasının cəmiyyətə ötürdüyü mesaj nədir və hansı nəticənin əldə olunmasına imkan yaradacaq?

AzEdu.az məktəb rəhbərlərinin, təhsil ekspertinin  videoçarx haqqında fikirlərini öyrənib:

314 nömrəli məktəbin direktoru Nazir Əliyev  açıqlamasında  belə videoçarxların  ictimaiyyətə çatdırılmasının faydalarından danışıb. Onun fikrincə, bu kimi rollinqlər valideynləri maarifləndirmək baxımdan da əhəmiyyətlidir.

“ Şagirdin məsuliyyəti ilk növbədə sinif rəhbəri və valideynin üzərindədir.   Biz məktəb daxilində  mütəmadi maarifləndirici tədbirlər təşkil edirik. Bu yaxınlarda  məktəbdə “Narkomaniyaya yox deyirik!” adlı  tədbir  keçirdik”.

O bildirib ki, televiziyada davamlı olaraq reklamlar kimi bu videoçarxların  göstərilməsi çox əhəmiyyətlidir:

“Şagirdin, valideynin  bu hadisələri  öz gözləri ilə görməsi və məktəbdə təbliğat aparılmasının  müsbət  təsiri olar. Müəyyən  məsələlərlə bağlı izlənilən videoların təsiri daha güclüdür. Reklamın əvəzinə belə faydalı çarxlar mütəmadi göstərilsə, yaxşı olar”.

N.Əliyev Təhsil Nazirliyinin “Qaynar xətti”nin əhəmiyyətini də xatırladıb:

“Şagirdlərin baş vermiş fövqəladə hadisə ilə bağlı zəng edəcəyi ən yadda qalan nömrə elə Təhsil Nazirliyinin “Qaynar xətti”dir.  Hər hansı bir problemlə bağlı bu nömrəyə zəng vurmaq üçün öncə  şagirdlər maarifləndirilməlidir.  Şagird bilməlidir ki, verdiyi hər bir məlumata görə məsuliyyət daşıyır. Bu, şagirdlərin sağlamlığı üçündür”.

 212 nömrəli məktəbin direktoru Məlahət Rəhimova  “Mənimlə danış” video çarxı  haqqında təəssüratlarını bölüşüb:

“ Bu videonu izlədikdən sonra, siniflərdə nümayiş etdirərək şagirdləri də tanış etdik. Bəzən, sözlə deyirsən, danışırsan,  şagirdlər qulaq asır. Amma deyilən söz onun yadında qalmaya da bilər.  Amma bu sosial çarxda ekran effektlərinin üstünlüyü də qabarıq nəzərə çarpır. İnformasiyanı, çatdırılan mesajı göz vasitəsilə qəbul etdikləri üçün  məsələnin mahiyyəti şagirdlərin yadında daha yaxşı qalır.

Onsuz da video çarxda toxunulan məsələ şagirdlərə yad deyil. Onlar da cəmiyyətinin övladlarıdırlar; öz aralarında, yaxud ictimaiyyətdə gördüyü hadisələrin əksini bu çarxda qabarıq şəkildə izləyirlər.

Hər biri  müəyyən mənada   belə hadisələrə şahid olub.  Bu çarx əslində  onlar üçün  bu məsələlərə diqqət yetirmələri üçün bir mesajdır.  İstər müəllim,  valideyn, şagird, istər məktəbin digər işçiləri  belə hallara etinasız qalmalı deyil”.

O bildirib ki,  məktəb kollektivi olaraq problemi olan şagirdlərə daim qayğı, diqqət göstərilib:

“ Bu yaxınlarda 11-ci sinif şagirdi dərsdə  qəflətən ağlamağa başladı.  Həmən durumu, problemi ilə maraqlandıq. Öyrəndik ki,  məktəbdə heç kimlə  problemi olmayıb. Sinif rəhbəri, mən, psixoloq şagirdlə söhbət etməyə çalışdıq. Düzdür, o, bizə heç bir məlumat vermədi. Lakin yaxın dostlarından öyrəndik ki, onun ailəsində problemlər var. Valideynlər arasında yaşanan xoşagəlməz hallar uşağa təsir edir.  Biz  əvvəlcə şagirdin özü ilə uşaq-valideyn münasibətləri haqqında söhbət edib, daha sonra valideynini məktəbə çağırdıq. Bir həftədən sonra həmin şagird yanıma gəlib dedi ki, müəllim, icazə olar, sizi qucaqlayıb öpüm.  İndi o şagirdin heç bir problem yoxdur.  Biz o şagirdə qarşı laqeyd davransaydıq, yaxud onun probleminin  görməsəydik, o şagird başqa neqativ hallara da əl ata bilərdi”.

Direktor qeyd edib ki, valideynlərlə mütəmadi əlaqə saxlanılır.  Onun sözlərinə görə valideyn iclasları, xüsusi tədbirlərdən başqa, hər hansı şagirdin problem ilə bağlı olaraq valideynlə dərhal əlaqə yaradılır:

“Bu gün bizim valideynlərin məlumatlılıq səviyyəsi tam istənilən halda deyil. Valideynlərin çoxu sosial həyatında problem yaşayır, savadları qənaətbəxş deyil. Ona görə də onları maarifləndirmək bizim işimizdir.  Biz onları məktəbə cəlb edə biliriksə, şagirdin inkişafinda da uğur əldə edərik”.

“Bulinq birtərəfli deyil. Onun müxtəlif növləri var. Həmin növlər haqqında daimi belə videolar olsa, daha çox maarifləndirici olar.  Xarici dövlətlərdə “Student voice” (Şagirdin səsi) anlayışı var.  Biz şagirdin səsini dinləməyi bacarmalıyıq.  Şagird özü nə istədiyini hamıdan yaxşı ifadə edə bilir. Ona görə  şagirdlə söhbət etməyi bacarsaq,  pis halların qarşısını da alarıq. Təbii ki, etinadsız yanaşsaq, heç nəyə nail ola bilmərik. Məktəbdə  şagirdlə ən çox  ünsiyyətdə olan şəxs sinif rəhbəridir. Mən təklif edərdim ki, müəllim  diaqnostik imtahandan keçdiyi kimi, sinif rəhbəri də  müəyyən imtahandan keçsin”- deyə M. Rəhimova sözlərinə əlavə edib.

7 nömrəli məktəbin direktoru Könül Həsənova  açıqlamasında sosial çarxı məktəb kollektivi ilə bərabər izlədiyini və sinif rəhbərləri ilə xüsusi  müzakirə etdiyini vurğulayıb:

“Çarxda dövrümüzün ən aktual problemlərindən biri- şiddət işiqlandırılıb. Burada əsas məsələ şiddətə məruz qalan və şiddət göstərən tərəfləri göstərməkdir.  Bu məsələdə həm valideyn, həm də müəllim biganəliyi var.  Problem aktuallaşmamış qarşısını almaq üçün əsasən onu yaradan faktorları müəyyənləşdirmək lazımdır.

Mən bu məsələdə  ailə faktorunu qeyd edə bilərəm. Bundan başqa,  şagirdlərin aludə olduğu sosial şəbəkələr, döyüş oyunları, televiziya verilişləri də şiddətə sövq edir”.

O,  hər şeydən əvvəl sağlam psixoloji mühitin əhəmiyyətindən danışarkən bildirib ki, müəllim-şagird-valideyn üçlüyünün qarşılıqlı münasibətləri mühüm  rola malikdir:

“ Sinif rəhbəri öz sinfinin şagirdlərini daha yaxşı tanıyır. Təbii ki, məktəb psixoloqu da şagirdlərlə sorğular aparır.  Amma hər hansı istisna hal, problem varsa, onu ilk növbədə sinif rəhbəri bilir. Biz psixoloqun iştiraki ilə yaranan istisna halı müzakirə edib, həmin şagirdlə iş aparırıq. Valideyn bu məsələlərdə bizə dəstək olmalıdır. Şagird ailədə formalaşdığı üçün onun hər xüsusiyyəti valideynə məlumdur. Məktəbdə sağlam mühit varsa, həmin  məktəbdə təhsil, tərbiyə yüksək keyfiyyətdə olacaqdır”.

Direktor müəllim –şagird münasibətlərini əks etdirən, bununla yanaşı, mobil telefonların qazandırdığı pis vərdişlərlə bağlı  videoçarxların göstərilməsinin də əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb. 

Təhsil eksperti Qoşqar Məhərrəmov  açıqlamasında bu videoçarxın ötürdüyü vacib mesajları vurğulayıb. O bildirib ki, əslində, bu videoçarx  Təhsil Nazirliyin may ayından bəri görülən işlərin davamıdır:

“May ayında Təhsil Nazirliyi yanında ikinci bir  “Qaynar xətt” yaradıldı.  Bu da onun davamıdır. Videoçarxın ötürdüyü mesaj çox yaxşıdır. “Mənimlə danış”, yəni, məni dinlə, mənə qulaq as, mənə məsləhət vermə, tənqid etmə, “mən sənə demişdim, niyə belə elədin!”- demə, sadəcə mənimlə danış. İstiqamət verməkdən, yönləndirməkdən başqa bir iş görməyən valideyn, müəllim olma.  Xalqa çox gözəl, çox faydalı bir mesaj ötürür. Valideynlərə, müəllimlərə ötürülməlidir ki, şagirdlərə  “Açıq qapı” siyasətini yeridin. Məsələn,  şagird istənilən bir problem haqqında yaxınlaşıb valideyninə, yaxud, müəlliminə danışanda onun necə reaksiya almasıdır.

Ekspertin sözlərinə görə neqativ halların yaranmasınının  əsas səbəbi şagirdin danışacağı bir adamın olmamasıdır:

“Biz görürük ki, yeniyetmə yaşına çatan məktəblilər  arasında bir- birinə, eləcə də başqalarına  qarşı ciddi emosional, psixoloji istismar halları yaşanır.  Belə hallarda şagirdin ətrafında  danışacağı, şəxsi probleminə həll tapa biləcəyi bir insan yoxdursa,  şagird həmin problem ilə təkbaşına qalır. Bunun da nəticəsində şagird depressiyaya düşə bilər. Belə vəziyyətdə istər  şagird, istərsə də yaşca böyük bir şəxs  özünə zərər verəcək duruma gəlir.  Bu kimi hallar məktəblinin dərslərinə, akademik göstəricilərinə mənfi təsir edir.  Ona görə də beynəlxalq təcrübəyə nəzər saldıqda görürük ki, xaricdə orta məktəblərdə, eləcə də ali məktəblərdə dəstək mərkəzləri var.  O mərkəzlərdə mentor, təhsil psixoloqu kimi  kadrlar “böyük qardaş”, “böyük bacı” kimi fəaliyyət göstərirlər.

Bizdə “məktəblinin dostu kimi bir layihədir.  Hər hansı problem yaşayan şagird həmin kadra problemini danışır və onunla birlikdə həll etməyə çalışır.  Onlar daha çox individual söhbətlərə üstünlük verirlər”.

O, eyni zamanda şagird-şagird, şagird-müəllim, şagird-valideyn konfliktini əks etdirən videoçarxların çəkilməsinin əhəmiyyətlini tövsiyə edib. 

Ayşə Müseyib

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox