Buraxılış və qəbul imtahanlarında şagirdlərin aşağı nəticə göstərmələrinin səbəblərindən biri də xarici dil üzrə dinləmə bacarıqlarının lazımı səviyyədə olmamasıdır.
Bəs bu bacarıqları formalaşdırmaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı AzEdu.az-a danışan Global Theacher Prize beynəlxalq müəllim mükafatının qalibi, ingilis dili müəllimi Məhəmməd Qarakişiyev bildirib ki, günümüzdə xarici dil öyrənənlərin ən böyük problemlərindən biri də dinləmə qabiliyyətinin zəif olmasıdır. Bu da öz növbəsində danışığın formalaşmasına və inkişafına əngəl törədir:
“ Dil bacarıqları 4 ünsürün (bacarığın) – Dinləmə ( Listening), Danışıq (Speaking ), Oxu (Reading) ve Yazı (Writing) əsasında formalaşır. Hər bacarıq forması digərini təsdiq edir. Ailədə uşağın ana dilini eşidərək danışmasını misal çəkə bilərəm. Məhz bunun üçün hər hansı bir dili öyrənəndə ən azından gündəlik dinləmə materiallarından istifadə etmək lazımdır. Dinləmə qabiliyyəti söz ehtiyyatının artırılması ilə paralel şəkildə inkişaf etdirilməlidir. Düzgün istiqamət seçərək dinləmə materiallarından istifadə etsək, bu barədə irəliləyiş əldə edə bilərik”.
O, qeyd edib ki, buraxılış imtahanlarında dinləmə bacarıqları yoxlanıldığı halda, məktəbdaxili imtahanların, demək olar hamısı, hələ də yalnız test tapşırıqlarından ibarətdir.
“ Məktəblərdə ingilis dilinin öyrənilməsində çətinlik yaradan səbəblərdən biri də tələb və təkliflərin üst-üstə düşməməsidir. Son iki ili nəzərə almasaq, şagirdlərdə dinləmə bacarığı formalaşdırılmırdı. KSQ, BSQ və digər məktəbdaxili imtahanlar test üsulu ilə aparılırdı.
Son illər yeni imtahan modeli olaraq DİM-in buraxılış imtahanlarında Dinləmə ve Oxu testlərindən istifadə edərək, şagirdlərin bacarıqlarının yoxlanılmasını dəstəkləyirəm. Öz töhfəmizi verərək, ilk dəfə disklə təchiz olunmuş dinləmə və oxu kitablarını şagird və müəllimlərə təqdim etməkdən məmnunuq”.
M.Qarakişiyev MİQ müsabiqəsində müəllimlərin dinləmə qabiliyyətinin yoxlanılmaması məsələsinə də münasibətini bildirib:
“ Bu çox paradoksal məsələdir. İngilis dili ixtisası üzrə fəaliyyətə başlayan müəllim gələcəkdə dinləmə, danışıq, həmçinin oxu, yazı bacarıqlarını mükəmməl şəkildə tədris edəcək. Amma işə qəbul zamanı bu bacarıqların heç birindən imatahan olunmurlar. Bununla məlum olur ki, tələb və gələcək təklif üst-üstə düşmür. Mənim fikrimcə, MİQ müsabiqəsində uğur qazanan ingilis dili müəlliminin prkaktik təlimlərə cəlb olunmadan tədris müəssələrində fəaliyyətə başlaması düzgün deyil”.
M.Ə.Sabir adına Astara şəhər məktəbinin ingilis dili müəllimi Babək Rzazadə bildirib ki, dinləmə bacarıqlarını formalaşdırmağa ciddi şəkildə beşinci sinifdən başlamaq lazımdır:
“İbtidai siniflərdə effektli nəticə olmasa da, qısa-qısa materialları dinlətmək olar. Əvvəlcə şagirdlərdə özünəinam yaratmaq lazımdır. İlk dəfə dinləmə dərslərinə başlayanda onlarda gərginlik olur”.
O, qeyd edib ki, bu il buraxılış imtahanlarında qapalı tipli test tapşıqırlarını şagirdlər daha yaxşı yazmışdı.
“Açıq sualları işləmək həmişə şagirdlər üçün çətin olub. Bu həm yaddaş, həm də sürət tələb edir. O dinləməli, eyni zamanda da yazmalıdır. Mətn Azərbaycan dilində olanda da onu dinləməklə yadda saxlamaq bəzən çətin olur. Xarici dil olduğuna görə bu çətinlik iki dəfə artır”.
B.Rzazadə MİQ imtahanlarında ingilis dili müəllimləri dinləmə qabiliyyətinin yoxlanılmadığı halda, orta məktəb şagirdlərindən bu bacarığın tələb olunması məsələsinə öz münasibətini bildirib.
“Müəllim bu imtahı vermirsə, onun bacarığı yoxlanılmırsa, şagirdə hansı səviyyədə öyrətməsi müəmmalıdır. Universitetlərdə onların özlərinin dinləmə bacarığı lazımı səviyyədə formalaşmaya bilər. Ən yaxşı xarici dil kadrı yetişdirən Azərbaycan Xarici Dillər Universitetinin məzunlarının əksəriyyətində də dinləmə qabiliyyəti zəifdir. Çünki univeristet müəllimlərinin çoxu bu problemə qayğı göstərmirlər. Belə olduqda, həmin kadr sinifdə müəyyən çətinliklə qarşılaşanda onun öhdəsindən gələ bilmir”.
Ayşə Müseyib