İnkişaf etmiş Qərb ölkələrinin təlim texnologiyaları müasir təhsilimizə günü-gündən sirayət etməkdədir. Bu texnologiyaların əsas mahiyyəti şagirdlərə bilik verməkdən daha çox, onlara bilik öyrənməyin yollarını göstərməkdir. Bununla bağlı pedaqogikada məşhur bir deyim var: “mənə balıq vermə, balıq tutmağı öyrət”.
Bəs, yeni təlim texnologiyalarının tətbiqi istənilən nəticəni verirmi?
AzEdu.az mövzu ilə bağlı metodistlərin fikirlərini öyrənib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin( ADPU) Ədəbiyyat və onun tədrisi kafedrasının metodisti dosent Bilal Həsənli yeni təlim texnologiyalarının müsbət cəhətlərindən danışarkən qeyd edir ki, ənənəvi təlimə nisbətən, yeni təlim daha savadlı, hərtərəfli kadr yetişdirir. Onun sözlərinə görə, yeni təlim metodu daha savadlı kadr yetişdirir:
“Şagird bu təlim vasitəsilə biliklərə hazır şəkildə yiyələnmir, o, tədqiqatçı kimi çıxış edir. Beləcə, əlavə mənbələrdən istifadə edərək, yaradıcı fəaliyyət göstərir. Bununla da onun yaradıcı, tənqidi təfəkkürü inkişaf edir. Müəllim biliyi, öz fikrini hazır şəkildə şagirdlərə mənimsətmir. Bu, şagirdin inkişafına təsir edən böyük amildir. Şagird tədqiqatçı, müəllim isə fasilitatordur (bələdçi-red.). Eyni zamanda, müəllim-şagird, şagird-şagird əməkdaşlığı şagirdlərin hərtərəfli fəallığını təmin edir”.
“Yeni təlim metodları ali təhsil müəssisələrinə qəbul nəticələrinin aşağı olmasına müəyyən qədər təsir göstərir”
Metodist son illərdə abituriyentlərin qəbul nəticələrinin aşağı olmasının səbəbini müəllimlərin yeni təlim metodlarını, dərslik və dərs vəsaitlərinin tam mənimsəmədiyində görür:
“Çünki müəllimlərin çoxu hələ yeni təlim texnologiyalarını dərindən mənimsəməyiblər, yeni dərsliklərlə iş təcrübələri azdır. Onlar təcrübə topladıqca, texnologiyalar oturuşduqca, əlbəttə ki, ənənəvi təlim formasına nisbətən daha yüksək nəticələr olacaq. Yeni təlim yaddaş məktəbindən təfəkkür məktəbinə keçiddir. O, təfəkkürün inkişafına , ənənəvi təlim isə daha çox yaddaşa əsaslanır. Yaddaş məktəbindən təfəkkür məktəbinə keçid prosesi olduğuna görə bu qəbul imtahanlarına da öz təsirini göstərir”.
“Biz vannadakı çirkli su ilə bərabər uşağı da atmamalıyıq”, - deyərək metodist ənənəvi təlimin müsbət cəhətlərini yeni təlimdə istifadə etməyin faydalılığını da vurğulayıb. O, bildirib ki, ənənəvi təlimin bəzi müsbət cəhətlərindən yenə də istifadə olunmalıdır:
“Bu müsbət cəhətlər özünü təlim metodlarında göstərir. Məsələn, ədəbiyyat təlimində “yaradıcı oxu” metodu var ki, bu metod, hesab edirəm ki, əvəzsizdir. “İfadəli oxu”, “yaradıcı oxu” interaktiv təlimdə metod kimi göstərilmir. Lakin bu kimi metodların sağlam cəhətlərindən bu gün də istifadə etmək lazımdır. Bu mənada ənənəvi təlimi tam inkar etmək olmaz”.
Mövzu ilə bağlı təlimçi müəllim Bəhmən Məmmədov qeyd edir ki, artıq savad anlayışı yeni mahiyyət qazanıb:
“Bir insan çox dil bilirdisə, “bu necə də savadlıdır!”- deyilirdi. Amma bu gün elə bir savad anlayışı yoxdur. Həmin şəxsə də artıq savadlı deyilmir”:
“Əvvəl savadlı dediyimiz insanla bugünkü savadlı insan arasında ciddi fərqlər var. Savadlı deyəndə bir az daha diletant- hər şey haqqında az məlumat bilən ensiklopedik bilgi ilə zəngin, amma praktik baxımdan ortaya bir şey çıxara bilməyən şəxs nəzərdə tutulurdu. Etiraf edək ki, bu anlayış bizdə hələ də var. 5-6 dil bilən, müxtəlif fənlərdən biliyi olan adama savadlı deyirik”.
Yeni təlimin üstün cəhətlərindən danışan B. Məmmədov vurğulayır ki, ənənəvi təlim sadəcə müəllimin verdiyi informasiyanın şagirdin necə qavradığını ölçən bir sistem idi. Yeni təlim isə təhsilə yeni keyfiyyətlər gətirdi:
Son 20 ildə elmin inkişafı, elmdə olan yenilik, yeni kəşflər insanlıq tarixindən bu günə kimi, yəni 2000-ci ilə kimi olan kəşflərdən 30 dəfə çoxdur.
“Yeni təlim şagirdlərdə bacarıqlar formalaşdırmağa çalışır, onlarda analiz, sintezetmə, mühakimə, yaradıcılıq qabiliyyət formalaşdırır. Şagird bu gün informasiyanı lazımı vaxtda ala bilirsə, qarşıdakı insanı dinləyərək onu tam anlayırsa, bu da bir növ savadlıdır. Bu baxımdan deyə bilərik ki, yeni təlim daha savadlı kadr yetişdirir. Əvvəlki təlimdə quru-quru əzbərlənmiş biliklər var idi, alternativ heç bir şey ya yox, ya da az idi. İndiki təlimdə şagird müxtəlif sahələr haqqında az bilir , amma bir sahədə mütəxəssis kimi formalaşır. Tək ixtisasda daha çox qabiliyyət, daha çox yenilik, bilik nümayiş etdirir. Artıq hər şeydən az-az bilməyə ehtiyac yoxdur. Ən önəmlisi də şagird bu nailiyyətləri özü qazanır. Yeni təlimdə əsas məğz bundan ibarətdir. Şagird tək başına 11 il kimya, fizika oxusa da, öyrənə bilməyəcək. Çünki adı çəkilən fənlər elmin zirvəsindədir. Bir insan ömrünün axırına qədər oxusa da, hər hansı elmı çatdırıb, onu tam öyrənə bilmir. Bu baxımdan da biz kitablarda, internetdə, əlavə mənbələrdə olan məlumatları əldə etməyi, özlərinə faydalı olan bilikləri seçməyi, onları mənimsəməyi və həmin biliklər əsasında yeni fikirlər, ideyalar yarada bilən kadrları savadlı hesab edirik”.
“Biz ənənəvi təlimdən heç vaxt tam olaraq imtina etmədik”
“Kurikulum ənənəvi təlimin 80-90% özəlliklərini yenilədi. Bu təlimdə şagirdə yol haqqı verilir, “o, maşını özü sürsün, sükan arxasında özü əyləşsin” deyirik. Müəllim isə sadəcə ona yol göstərsin. Şagird divara, daşa, ağaca dəysə də, özü öyrənsin”- ənənəvi təlimin kurikulumla əvəz edilməsi ilə bağlı fikirlərində qeyd edib.
Ayşə Müseyib