Elektron sistem vasitəsilə orta ümumtəhsil müəssisələrinin I sinfinə şagird qəbulu davam edir.
Xatırladaq ki, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.
Bəs I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
AzEdu.az 2019-2020-ci dərs ili üçün ümumi təhsil məktəblərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair ən çox verilən suala cavabı təqdim edir:
Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:
Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
Uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);
2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
Valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Qeyd edək ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır.
Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmət dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.