Dünya fənn olimpiada sualları olimpiada ilə bağlı yaradılan beynəlxalq elmi komitədə hazırlanır, suallara yüksək səviyyəli mütəxəssislər tərəfindən dəfələrlə baxılır. Buna görə də Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı problemin, yaxud texniki məsələnin olması ehtimalı yoxdur. Amma olarsa, bununla bağlı beynəlxalq təşkilat komitəsi rəy verəcək.
AzEdu.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Beynəlxalq İnformatika Olimpiadasında suallarla bağlı hər hansı problemin ola bilməsi ehtimalı barədə danışarkən deyib.
Nazirin sözlərinə görə, olimpiadanın ilk müsabiqə günündə iştirakçılara 3 tapşırığın veriləcəyi gözlənilir. Onların cavablandırılması üçün iştirakçılara 5 saat vaxt veriləcək: "Avqustun 8-də müsabiqənin ikinci günü olacaq. Həmin gündə də 3 tapşırıq üçün 5 saat vaxt veriləcək. Böyük ehtimalla avqustun 8-də günün sonuna yaxın nəticələr təsdiq ediləcək, avqustun 9-da nəticələr açıqlanacaq".