“Harada oluramsa olum, azərbaycanlı şagirdlərə kömək etməyi özümə borc bilirəm”.
Bu sözlər Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında üçüncü bürünc medalın sahibi Ramil Cəbiyevə aiddir.
110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Ramil Cəbiyev (11-ci sinif), Murad Ağazadə (10-cu sinif) və Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev bürünc medal qazanıblar.
Olimpiadalarda aşağı siniflərdən iştirak etməyə başlayan Ramil, bir neçə beynəlxalq və respublika səviyyəli turnirdə qalibiyyət qazanıb:
“Kiçik yaşlarımdan riyaziyyata olan marağım, məni müsabiqələrdə iştiraka sövq edirdi. İlk dəfə 2013-cü ildə Təhsil Nazirliyinin “İstedad axtarışı” müsabiqəsində iştirak edərək, birincilik qazandım. 2014-cü ildə Zərifə Əliyeva adına liseydə eksperimental pilot sinfinə birinciliklə daxil oldum. VII sinifdən isə beynəlxalq olimpiadalarda Azərbaycanı təmsil edirəm. Bu illər ərzində bir çox beynəlxalq və respublika səviyyəli olimpiadalarda iştirak edərək müxtəlif mükafatlara layiq görülmüşəm. VII sinifdən başlayaraq, gündəlik 6-7 saat çalışıram.
Bu günə qədər 13 beynəlxalq, 4 respublika səviyyəli olimpiadada iştirak etmişəm. 4-ü gümüş, 5-i bürünc olmaqla 9 beynəlxalq, 3-ü qızıl, 1-i gümüş olmaqla 4 respublika səviyyəsində medal qazanaraq ümumilikdə isə 13 medal sahibiyəm”.
Ramil Cəbiyev uğurunun sirlərindən danışarkən, gələcək olimpiadaçılara da tövsiyələr verib:
“Uğuru çox əzmli çalışmaqda və qələbəni istəyib buna inanmaqda görürəm. Həmişə suallardan çəkinmədən özümə inanmağa çalışmışam. Çünki olimpiadada uğur qazanmağın əsas faktorlarından biri də özünə inamdır. Bu olmasa, insan uğur qazana bilməz.
Gələcək olimpiadaçılara da özlərinə inanmağı, əzmli olmağı tövsiyə edərdim. Eyni zamanda, son olimpiadada göstərdiyim nəticəmlə onlara yaxşı nümunə ola biləcəyəmə ümid edirəm”.
“Harada oluramsa olum, azərbaycanlı şagirdlərə kömək etməyi özümə borc bilirəm”
Gələcəklə bağlı planlarından danışan Ramil təhsilini Türkiyə və Almaniyada davam etdirməyi düşünür:
“Olimpiadaya başlamazdan əvvəl bütün fənlərə marağım olub. Son vaxtlar isə digər fənlərə, mütaliəyə və s başqa məşğuliyyətlərə o qədər də vaxt ayıra bilmirəm. Zaman tapdıqca yalnız alman və ingilis dillərini öyrənməyə çalışıram.
Gələcəkdə elektrik mühəndisliyi, II ixtisas olaraq isə riyaziyyatı seçməyi düşünürəm. Türkiyə universitetlərindən birində oxumağı istəyirəm. Əsas hədəfim isə Almaniyada təhsil almaqdır. Harada oluramsa olum, azərbaycanlı şagirdlərə kömək etməyi özümə borc bilirəm”.
Rəna Nəbi