"9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94 faizini (58130 nəfər) oğlanlar, 46.06 fizini (49638 nəfər) qızlar təşkil edib".
AzEdu.az-ın xəbərinə görə, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi 2018-ci il üzrə qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.
Təhlildə deyilib ki, 11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə demək olar buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.99 faizi (44272 nəfər) oğlan, 45.01 faizi (36230 nəfər) qız şagirdlər olub: "Başqa sözlə, hər iki imtahanda oğlan və qız şagirdlərin nisbəti bir-birinə yaxındır".
Qeyd olunub ki, 2016-cı ildə 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.93 faizi (56484 nəfər) oğlan, 46.07 faizi (48245 nəfər) qız şagirdlər olub: "Məlum olduğu kimi, 2018-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2016-cı ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Məsələn, cənub rayonlarında (Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı) 2016-cı ildə 9-cu sinif şagirdlərinin 47.21 faizini qızlar təşkil etmişdisə, 2018-ci ildə 11-ci sinif şagirdləri arasında bu göstərici 41.95 faizə bərabər olub. Göründüyü kimi, 11-ci sinifdə şagirdlərin sayında qızların payı kəskin azalıb. Qızların təhsildən uzaqlaşmasına erkən nikahlar və s. səbəb ola bilər".(APA)