Quba rayonunun Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa, yerli Kətiş dili də tədris olunur.
UNESCO xınalıqlıların yerli dilini ciddi təhlükə altında olan dillər siyahısına daxil edib.
Bu səbəbdən Xınalıq məktəbində ibtidai sinif şagirdləri dillərinin unudulmaması üçün azərbaycan dili ilə paralel kətiş dilini də öyrənirlər. Predmeti tədris edən İsmət Paşa müəllim bizə bu dil haqqında məlumat verəndə təəccübümüzü gizlədə bilmədik. Çünki Xınalıq, digər adıyla kətiş dili olduqca mürəkkəb morfoloji struktura malikdir.
Xınalıq dilinin hansı dil qrupuna aid edilməsi barədə illər boyu mübahisələr gedir. Xınalıqlılar isə özlərini Nuh peyğəmbərin dili ilə danışanlar sayılırlar. Çünki əfsanələrə görə xınalıqlılar Nuh peyğəmbərin nəslindəndən hesab olunurlar.
AzEdu.az Xınalıq dilinin tarixi və özünəməxsusluğu ilə bağlı hazırladığı videonu təqdim edir: