Azedu.az

“Kəndlilər evlərini gəlmə müəllimlərə etibar edib, qışlağa gedirlər”-Xınalıq məktəbinin direktoru- Müsahibə

Məktəblər

21 May 2019, 11:25
“Kəndlilər evlərini gəlmə müəllimlərə etibar edib, qışlağa gedirlər”-Xınalıq məktəbinin direktoru- Müsahibə

Yunis Dəmirov:“Xınalıq qızlarının oxumasına təsir edən amillərdən biri də MİQ üzrə müsabiqələr olub”

“Şagirdin  sübh tezdən durması, qoyun-quzu, inək səsləri içində çantasını belinə alıb, palçığa bataraq dağlar aşıb məktəbə gəlməsi… Müəllimlə qapıda qarşılaşmanın səs-küyü: “Ayaqlarını təmizlə”, “palçıqla içəri girmə” və s”.

Xınalıq məktəbində şagirdin bir günü ilə tanış olmaq istəyirdik. Məktəbin direktoru Yunis Dəmirov onu bir neçə kəlmə ilə tam anlada bildi…

“Məktəbə gələndən sonra sanki bütün problemlər evdə qalır. Başımız uşaqlara elə qarışır ki… Bir də ayılırıq ki, artıq saat 1-dir və II növbənin şagirdləri gəlməlidir. Beləcə, eyni proses təkrarlanır”.

Əvvəlcə ucqar kənd barədə:

“Xınalıq” adı kəndə oradakı dağın Günəş çıxanda aldığı rəngə uyğun olaraq verilib. Tarixi araşdırmalara görə, kənd hələ eramızdan əvvəlki dövrdə salınıb. Dəniz səviyyəsindən 2 300 metr yüksəklikdə yerləşir. Kəndin tarixinin təxminən, 5000 il olduğunu ehtimal edənlər də az deyil.

Xınalıq əhalisi kəndlərini “Kətiş” adlandırırlar. Bu sözün mənası “müqəddəs” deməkdir.

Onlar özlərini Nuh peyğəmbərin nəslindən olanlar hesab edirlər. Əhalinin fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allahın qəzəbi ilə əlaqələndirilən dəhşətli tufan  nəticəsində orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi isə həlak olub. Sağ qalanlar çayı keçərək, kiçik bir təpəyə qalxıb, beləliklə Xınalıq yaranıb.

“Xınalıq” dedikdə ağla ən birinci yaşıllıqlar qoynunda geniş sıra dağlar gəlir. Bu dağların arasında, başqa dildə danışan fərqli abu-havada kiçik məktəb də fəaliyyət göstərir.

Məktəbə səyahət:

Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta məktəbi 1925-ci ildən fəaliyyət göstərir. Hazırki binası 2007-ci ildə tikilib istifadəyə verilib. 500 yerlik internat tipli tam orta təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Şagirdlərin təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. 305 şagirdin təhsil aldığı məktəbdə dərslər 2 dildə keçirilir: Azərbaycan və Xınalıq dili.

Dağların qoynunda hazırlaşıb, 690 bal toplayanlar…

Məktəb barədə daha ətraflı isə direktor Yunis Dəmirov məlumat verəcək. Yunis müəllim burada uzun müddət müəllim və direktor müavini kimi çalışıb. Məktəbi barədə danışarkən bildirir ki, ətraf  kəndlərin bütün ibtidai və ya doqquzillik məktəblərini bitirənlər tam orta təhsil üçün Xınalıq məktəbinə üz tuturlar. Məktəb birbaşa Təhsil Nazirliyinin nəzarətində olduğu üçün direktor gündəlik davamiyyət və digər məsələlər barədə onlara məlumat verir:

“Məktəbin bütün təminatı Təhsil Nazirliyinin tabeliyindədir. Yuyucu tozlardan tutmuş, partalara qədər-hansısa avadanlıq çatışmadıqda nazirliyə məlumat göndəririk. Məktəbdə heç vaxt kitab problemi yaşanmayıb. Həmişə ən birinci ucqarlar kitabla təmin olunub.

2017-ci ildə 7 şagird ali məktəbə daxil olmuşdu. 2018-ci tədris ilində isə 12 məzun kollec və universitetlərə qəbul olundu. Bu il də gözləntilərim çoxdur. Şagirdlərin zəhmətinə, verdiyimiz tədrisə güvənirik. Keçən ilin məzunları 200–600 arasında bal topladılar. Hətta onlardan biri keçən il qırmızı attestat aldı. 690 bal toplayan məzunumuz da var”.

“Təhsilalanların əksəriyyəti azsaylı xalqların nümayəndələridir”

Yunis müəllim Xınalıq məktəbinin digər orta təhsil müəssisələrindən əsas fərqini belə izah edir:

“Burada təhsilalanların əksəriyyəti azsaylı xalqların nümayəndələridir. Buna görə də tədris prosesində müəllimlərin üzərinə daha çox yük düşür. Çünki məktəblilər, xüsusilə də ibtidailərin evində Xınalıq dilində danışılır. Buna görə də bəzi çətinliklər olur. Müəllimlər dərsləri paralel şəkildə 2 dildə tədris edirlər ki, şagird başa düşsün.

İbtidai sinifdə yerli müəllimlər dərs keçəndə problem o qədər də böyümür. Amma tədrisi əvvəldən 2 dildə aparmasaq kənardan gələn müəllimlərin yükü artmış olur. Yeni gələn müəllim Xınalıq dilində müəyyən şeyləri öyrənməli olur. Getdikcə əhali ilə elə qaynayıb qarışırlar ki, dili də praktiki şəkildə öyrənirlər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə birbaşa nazirliyin tabeliyində olduğu üçün çox uzaq ərazilərdən - Şəki, Oğuz, Tərtər, Bakıdan olan müəllimlər işləmək üçün Xınalığa gəlirlər. Təsəvvür edin, əhali ilə o qədər qaynayıb qarışıblar ki, ev sahibləri belə evlərini onlara əmanət edib kənddən gediblər. Gənc müəllimlər indi həmin evlərdə yaşayırlar”.

Onun sözlərinə görə, MİQ üzrə müsabiqələr birvaxtlar ucqarların ən böyük problemi sayılan müəllim çatışmazlığına əlac olub. Məktəbə başqa ərazilərdən kadrların gəlməsi  buradakı abu-havanı da dəyişib:

“Kənar yerlərdən gələn müəllimlərin davranışı uşaqlar üçün də maraqlıdır. Onlar şagirdlə ünsiyyət zamanı dil problemini aradan qaldırmaq üçün daha çox səmimiyyət yaratmalı olurlar. Bu, müəllim – şagird bağlarını da möhkəmlədir. Elə buna görədir ki, əksəriyyəti vətəninə qayıtmaq istəmir. Hazırda uzaq rayonlardan gəlib burada 3 ildən çox işləyən müəllimlər var. Şagirdlər artıq onları yabancı deyil, özlərindən biri kimi qəbul edirlər.

Gənc müəllimlərimiz yeni gələndə onlarla ilkin söhbət zamanı sanki qaşqabaqlı olduqlarını düşündüm. Fikirləşdim, bu çətinliklərlə burada qalmazlar. Amma sonradan gördüm ki, özlərini kənardan gəlmiş kimi hiss etmirlər”.

“Xınalıq qızlarının oxumasına təsir edən amillərdən biri də MİQ üzrə müsabiqələr olub”

Bu ucqar kənddə son vaxtlar maraqlı hal formalaşıb. Yəqin, ucqarlarda qız uşaqlarının təhsili üçün mövcud maneələri az eşitməmisiniz. Xınalıqda isə bu stereotip sanki sındırılıb.

Direktorun sözlərinə görə, işə yeni qəbul olunan müəllimlər qız uşaqlarını da oxumağa həvəsləndirirlər:

“Dağ məktəblərində işləmək üçün əsasən kişi müəllimlər müraciət edirlər. 2007-2008-ci illərə qədər Xınalıqda ümumiyyətlə, qadın müəllim yox idi.  Son illər qadın müəllimlərin bura gəlməsi isə məktəbdə tam başqa bir abu-hava yaradıb. Belə müəllimlərin qız uşaqları ilə münasibəti, tənəffüslərdə söhbət etməsi onlara əlavə stimul verir. Məsələn, şagird düşünür ki, mən də universiteti bitirib Sevic xanım kimi müəllim olacağam. Yəni, Xınalıq qızlarının oxumasına təsir edən amillərdən biri də MİQ müsabiqəsi olub”.

Repetitorluq sisteminin ödənişsiz olduğu məktəb…

Direktor onu da qeyd edib ki, müəllimlər bura ən aşağısı 40 balla qəbul olunurlar. Yeni gələn müəllimə şagirdlərin reaksiyası da qəribə olur:

“Yeni müəllim görən kimi gəlib məndən soruşurlar ki, “görəsən, onun xasiyyəti necədir? Bizimlə danışa biləcək?” Yeni müəllimin ciddi, yoxsa mülayim olması kənd uşaqları üçün çox maraqlıdır. Təcrübəmə əsasən bilirəm ki, müəllim ciddiyyəti şagirdin təhsilinə birbaşa təsir edir. Ona müəllimi tanımasam da, çox ciddi olduğunu deyirəm. Məsləhət görürəm ki, dərslərini yaxşı oxusunlar”.

Şəhərdə şagird hazırlığının belə bazar iqtisadiyyatına əsaslandığı vaxtda Xınalıqda repetitotluq sistemi də tam fərqli, səmimiyyət üzərində qurulub. Məktəbdə şagirdlər üçün əlavə, ödənişsiz məşğələlər təşkil edilir. Bu, ali məktəbi bütün şagirdlər üçün əlçatan etməklə bərabər, valideyn təfəkkürünə də əhəmiyyətli dərəcədə təsir göstərir. Onlar qız və ya oğlan olmasından asılı olmayaraq, övladlarını oxutmaqda maraqlıdırlar. Son vaxtların yoxlamaları da qız şagirdlərin oğanlardan daha fəal olmasını sübut edir.

Övladlarını təsərrüfat işlərinə cəlb edərək təhsildən yayındıranlara gəldikdə isə Yunis müəllim belə cavab verir:

“Təsərrüfatlarla bağlı əksər rayonlardakı hal bizdə də mövcuddur. Amma uzun müddət təsərrüfat işlərinə cəlb edilib, məktəbdən yayınanlar yoxdur. Düzdür, bəzən valideynin quzu növbəsi olur, övladı kömək etmək məcburiyyətində qalır.  Amma bir gün ora getməklə şagird təhsildən yayınmır. Xınalıqda təhsildən ciddi yayınma yoxdur. Çünki valideynlərin özlərinin tədrisə marağı  var”.

“Burada şagirdin kənarda etdiyi səhv gəlib öz valideyninə çatır”

Kənd şagirdlərini təhsilə cəlb etməyin şəhərlə müqayisədə çətinliyini soruşduqda Yunis müəllim bir qədər fikirləşib, sonra cavab verir:

“Xınalıq elə yerdir ki, burada heç kim bir-birinə yad deyil. Ona görə də səmimiyyət daha çoxdur. Şagird müəllimi öz valideyni kimi qəbul edir. Şagirdlə bütün səmimiyyətimizlə ünsiyyət qururuq. Rahat işləməyimizin əsas səbəblərindən biri də elə budur. Məktəbdə heç vaxt konflikt olmayıb. Demək olar ki, kənddə belə şagird və ya valideyn də yoxdur. Bəlkə də bu, bizim yaşayış tərzimizlə bağlıdır.

Kənd şagirdlərini idarə etmək daha rahatdır. Şəhərin qaynar mühitində müxtəlif neqativ təsirlərə düşən şagirdi yoluna qaytarmaq çətin olur. Bizdə isə əhali kompakt yaşadığı, hamı bir-birini tanıdığı üçün şagirdin kənarda etdiyi səhv gəlib valideynin özünə çatır. Artıq o şagird bilir ki, kənarda bu işi görsəm, məsuliyyət daşıyıram”.

“Şagirdləri sınaq imtahanlarında iştirak  üçün rayon mərkəzinə özüm aparıb-gətirirəm”

Direktorun sözlərinə görə,  Xınalıq şagirdlərinin əsas çətinliyi informasiyaya çıxışla bağlıdır. İmkanlarının məhdudluğunu çıxsaq, başqa hər hansı problemləri yoxdur:

“Xüsusilə də relyef və yolların quruluşu şagirdlərin müəyyən sınaqlarda iştirakını çətinləşdirir. Amma son vaxtlar şəhər və kənd şagirdlərinin dünyagörüşü arasında bərabərlik yarandığını hiss edirəm. Çalışırıq ki, onları müasir dövrün tələblərinə uyğun yetişdirək. Şagirdləri sınaq imtahanında iştirak üçün özüm rayon mərkəzinə aparıb-gətirirəm. Mən direktor olana qədər bizim kənddən olimpiadaya şagird getmirdi. Artıq 2 ildir ki, onlar rayon mərkəzində təşkil olunan olimpiadalarda iştirak edirlər.  Şagird bu proseslərə adaptasiya olmalıdır ki, digərləri də onlardan nümunə götürsünlər”.

Açıq havada keçirilən məktəb iclasları…

Yunis müəllimin sözlərindən kənd məktəbinə direktorluq etməyin çətin, bir o qədər də maraqlı olması hiss edilir. Kənd mühitinin səmimiyyətini isə belə izah edir:

“Kənd həyatının ən əsas üstünlüklərindən biri odur ki, səs-küydən uzağıq. Tam sakit mühitdə çalışırıq. İşdən sonra xeyli vaxtımız qalır. Bəzən kollektiv şəkildə harasa gedirik. Xınalıq çəmənliklərində dincəlir, çay kənarında oturub söhbətləşirik.

Bilirsiz, müəllimləri bir arada saxlamaq vacib amillərdəndir. Arada onlarla kənara çıxıb ünsiyyət qurmaq, əhval-ruhiyyəni dəyişmək lazımdır. Beləcə, əqli yorğunluğumuz da çıxır. Üstəlik öz çatışmazlıqlarmızı belə sərbəst mühitdə daha yaxşı duyur, həll edirik. Çalışıram ki, təbiətin gül-çiçək vaxtından kollektivi bir araya toplamaq üçün istifadə edim. Bəzən tədrislə bağlı müəyyən problemləri də açıq havadakı iclaslarımızda həll edirik. Bu iclaslarda gənc kadrların metodiki fikirlərinə həmişə ehtiyacımız olur”.

“Məcbur olduq, azyaşlını aparıb valideyni ilə görüşdürək”

Maraqlısı odur ki, Xınalıq kifayət qədər ucqar olsa da, dərsə at belində gələn şagird yoxdur. Yunis müəllim bunu məktəbin internat tipli olması ilə əlaqələndirir:

“Köçəri təsərrüfatla məşğul olub uzaqdakı qışlaqarda müvəqqəti yaşayan valideynlərin övladları internatda qalırlar. Köç bitəndən sonra isə uşaqlar evlərinə qayıdırlar. O uşaqlar internatda daim nəzarətdədirlər. Təlim-tərbiyələri ilə xüsusi məşğul oluruq.

Bəzən I sinifdə oxuyan şagirdi internata qoyurlar. Təsəvvür edin, onu  çimizdirmək, səhərlər güclə yuxudan oyatmaq, yemək yedirmək, ana-atası yadına düşəndə nazı ilə oynamaq var. Bunların hər birinə əməl etməyə məcburuq.

I sinfi internatda bitirən şagirdi növbəti il valideynin dərsə gətirməsinə ehtiyac qalmır. Sentyabr ayında özü kitab-dəftərini götürüb internata gəlir. Heç bir uşaq özünü ailəsindən uzaq hiss etmir. Təriyəçi və dayələrimiz daim onların yanındadırlar. Məktəb xüsusi mühafizə ilə qorunur. Həftənin 6 günü müəllimlər məktəbdə olurlar. Yalnız mən gəldiyim gündən şənbə-bazar bilmədən fasiləsiz işləyirəm. Bazar günləri də burada oluram. Çünki şagirdlərimi diqqətdən kənar qoya bilmərəm. Onların qidalanmasını dövlət təmin edir.

İnternat şagirdlərinin qayğısına qalmaq da çətindir. Yadımdadır, bir şagirdimizi I sinifdə gətirib internata qoydular. İnanın, məcbur olub, onu aparıb valideyni ilə görüşdürüb, sonra internata qaytardıq. Ağlayır, gündə bir bəhanə deyirdi: oram ağrıyır, buram ağrıyır və s. (gülür) Yoxlayıb görürdük ki, bu uşağın heç bir problemi yoxdur. Sonra məlum oldu ki, balaca qışlaqdakı anası üçün darıxırmış”.

Müəllimin danışığındakı xüsusi mühafizə dəstəsi diqqətimizi çəkir. Şəhərdəki bütün neqativlərdən uzaq, səmimiyyətin qucaq açdığı kənddə mühafizənin hansı məqsədlə təşkil olunduğunu soruşuruq:

“Xınalıq axın olan bir yerdir. Turizm bölgəsi kimi Şimala üz tutanlar mütləq gəlib Xınalığa çıxırlar. Belə insanların yerli-yersiz məktəbə daxil olub dərs prosesinə müdaxilə etməsi düzgün olmazdı. Bunların qarşısını almaq və internatda qalaların təhlükəsizliyini təmin etmək üçün 24 saatlıq mühafizə xidməti təşkil olunub”.

“Şagirdlər futbol oynayanda mən də onlara qoşuluram”

Yunis müəllim özü də məktəb illərini Xınalıqda keçirib. Bu baxımdan bəzi məqamlarda kənd şagirdlərini yaxşı başa düşür:

“Bəzən görürəm ki, hansısa şagird nadinclik edir. Bildiyiniz kənd uşağı. Xoşbəxtliyi sərbəstliyindədir… Əsəbiləşib deyirəm ki, belə etmə. Birdən xəyalım öz uşaqlığıma qayıdır. Məktəb illərimi xatırlayıram. Düşünürəm, axı, bunu mənə də deyiblər.

Ən çox da futbol yarışlarında belə olur. O vaxt Xınalıq məktəbinin böyük stadionunda yarışlar keçirilirdi. İndi uşaqlar balaca bir meydançada futbol oynayırlar. Mən də onlara qoşuluram. Amma görürəm ki, artıq ayaqlarım tutmur, yaşım o yaş deyil. Məktəb illərimə qayıdıram. Başa düşürəm ki, onların futbol oynayan vaxtı indidir. Deməli, dərslə yanaşı futbol, məktəbdən kənara çıxmaq da şagirdlərin haqqıdır. Çalışıram ki, belə imkanlarını əllərindən almayım”.

“Səhər gəlib gördük ki, məktəbin damı  yoxdur, qasırğa uçurub”

Direktorun sözlərinə görə, uca dağların qoynundakı təbii fəlakətlər də məktəbdən yan keçməyib. Məktəbin yenidən tikilməsinə səbəb də elə dağlardan qəfil gələn qasırğa olub. O, pəncərədən bir neçə təpəlik aşağıdakı düzənliyi göstərib deyir:

“Keçmiş məktəb orada yerləşirdi. Əvvəlki məktəbi indi muzey ediblər.

Yadımdadır, həmin axşam işdən gec çıxdıq. Axşam güclü külək qopdu. Səhər gəlib gördük ki, məktəbimizin damı  yoxdur, qasırğa uçurub. Kəndin yolları da dağılmışdı. Köçürüldüyümüz məktəb taxtadan idi. Səliqə-sahmanı yerində olsa da, bunun qışı, soyuğu var.

Elə həmin il ölkə başçısı Şimala səfər zamanı Xınalığa da gəldi. Meydan deyilən ərazidə sakinlərlə görüşdü. Onda mən hələ direktor müavini idim. Çox istəyirdik ki, ölkə başçısı gəlib məktəbimizi görsün. Ölkə başçısı məktəbin həyətinə gəldi. Onun göstərişindən sonra məktəb yenidən tikildi.

Fəlakət tədrisi pozmasa da, təmir prosesi ləngiyirdi. Bu da yolun uzaqlığı, hava şəraiti ilə bağlı idi. Amma indi də məktəbimizdə mütəmadi təmir işləri aparılır”.

“İnanıram ki, şagirdlərimin sorağını xaricdən alacam…”

Yaxın  10 ildə məktəbinizi necə görmək istərdiniz sualını isə Yunis müəllim belə cavablayıb:

“Əvvəla, qeyd edib ki, direktor təyin olunanda onu vəzifə kimi qəbul etməmişəm. 28 il kollektivlə birgə işləmişəm. Mənimlə işləyənlərin əksəriyyəti elə öz şagirdlərimdir. Heç vaxt fikirləşmədim ki, vəzifəm olduğuna görə onlardan bir pillə yuxarıdayam. Əksinə, düşündüm ki, şagird, valideyn və müəllimləri bir arada tutmaq üçün nə etməliyəm? Necə edim ki, Xınalıqdan tələbə olanların sayı artsın? Kadrlara ehtiyacımız azalsın? Düşünürəm ki, məqsədimə qismən nail olmuşam. Ümid edirəm, gələcəkdə də bunun öhdəsindən gələcəm.

İnanıram ki, ölkə iqtisadiyyatına qoşulan şagirdlərim kənddəki işsizliyi aradan qaldıracaqlar. Müxtəlif sahələr üzrə iş yerləri açılacaq.

İnanıram ki, şagirdlərimin sorağını xaricdən alacam… Kəndin gələcəyi də təbiəti qədər gözəl olacaq…

Hamı bundan danışır - Türk dünyası üçün təhlükə
Son xəbərlərDaha çox