Bakı Əl Oyunları sarayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr edilmiş futbol çempionatının final mərhələsi keçirilib.
Paytaxt və regionlardan 32 ali və orta ixtisas təhsil müəssisəsinin iştirak etdiyi yarışların finalında Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Azərbaycan Dövlət İqtisad Universiteti qarşı-qarşıya gəldi.
Mükafatlandırma mərasimində iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov, jurnalistlərlə görüşüb yarış haqda fikirlərini bölüşdü:
“Bildiyimiz kimi, bu il Azərbaycan Respublikasının prezidendtinin sərəncamına əsasən Bakı Dövlət Universitetinin 100 illiyi keçirilir. Bugünkü universitetlər arası futbol yarışı da məhz BDU-nun 100 illiyinə həsr olunub. Yarışlarda respublikanın paytaxt və regionlardan 32 ali və orta ixtisas təhsil müəssisəsi iştirak edib. Finalda Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin komandaları üz-üzə gəlib. Yarışın keçirilməsində əsas məqsəd, gənclərin sağlamlığının təminatı və dünyada ən kütləvi idman növü olan futbolun təbliğidir”.
Xatırladaq ki, finalda qalib 5:2 hesabıyla BTİA oldu.
AzEdu.az komanda məşqçisi və oyunçularla həmsöhbət olub, qələbə sevinclərini bölüşüb:
Bədən Tərbiyəsi və İdman Akademiyasının IV kurs tələbəsi Quliyev Elvin -Həm də komanda kapitanı olan Elvin yarışın gərgin keçdiyini deyir:
“Oyunumuz həqiqətən çox gərgin keçdi. Birinci hissədə hesab 2:0 idi. İkinci hissədə komanda olaraq özümüzü topladıq və 5:2 qalib olduq. Özümüzə çox güvənirdik. Bu güvən də boşa çıxmadı və biz qalib olduq. Məşqçimiz başda olmaqla, çempionatın təşkilində əməyi keçən hər kəsə komandam adına təşəkkür edirəm”.
Bədən Tərbiyəsi və İdman Akademiyasının III kurs tələbəsi Vəli Məmmədov - Komandanı qalibiyyətə aparan 5 qoldan 4-nün sahibi olan Vəli hər nə qədər çətin yarış keçsə də özlərinə inandıqlarını bildirdi:
“İlk növbədə oyunun təşkil edən hər kəsətəşəkkürümü bildirirəm. Finala kimi, BDU, AZMİU, ATU ilə olan oyunlarda qalib gələrək finala çıxdıq. Nəhayət finalda UNEC-ə 5:2 qalib gəldik. Düzünü desəm, oyun çox çətin keçdi. Amma özümüzə inanırdıq. Finalda 4 qol da mən vurmuşam. Qalib olduq belə də olmalı idi”.
Onu da qeyd edək ki, Vəli Məmmədov finalda ən yaxşı oyunçu mükafatının da sahibi olub.
Oyunçularla söhbətimizi yekunlaşdırıb, yarışı bir də komanda məşqçisinin dilindəndinlədik.
Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasının baş məşqçisi Namiq Quliyev hazırlıqlara yanvar ayından başladıqlarınıdeyir:
“Bu oyun yarışdan əlavə, bir tələbə bayramıdır. Burda kimin qalib olduğunun fərqi yoxdur. Bu yarışın təşkilində əməyi keçən hər kəsə təşəkkür etmək lazımdı. Gərgin yarış keçdi. Güclü komanda da qalib oldu. Bizim komanda mövsüm boyu bütün oyunlarda qələbə qazandı. Elə finalda da adəti pozmadıq. Qələbə bizim oldu.
Çempionat üçün hazırlıqlara yanvar ayından başladıq. Məşqlərimiz mütəmadi davam edirdi. əməyimizin bəhrəsini də gördük. Bir çox yarışlarda qalibiyyətlərimiz də az deyil. Elə bu yaxınlada Heydər Əliyev adına kuboku da qazandıq”.