“Biz şagirdlərlə lazımı səviyyədə məşğul olmuruq. Birinci sinifdən bir neçə nəfər əlaçı seçib yerdə qalanını isə 11 il ərzində danlayırıq”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu bildirib. O, peşə təhsilinin nüfuzu məsələsinə də toxunarkən peşə təhsili müəssisələri ilə orta məktəblər arasındakı əlaqələrin vacibliyini qeyd etdi:
“Bu gün Azərbaycanda peşə məktəbləri ilə orta məktəblər arasında sıx əlaqə yaradılmalıdır. Əksər inkişaf etmiş ölkələrin təhsil təcrübəsinə baxdıqda uşaqların elə ibtidai sinifdə qabiliyyətlərinin ortaya çıxarıldığını görərik. Biz isə şagirdlərlə lazımı səviyyədə məşğul olmuruq. Elə birinci sinifdən bir neçə əlaçı uşağı ayırıb, yerdə qalanını isə 11 il ərzində danlayırıq. Bu isə onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına maneə törədir.
Çox təəssüf ki, bu gün ölkədə ali məktəb kultu mövcuddur. Hər kəs ali təhsil almaq istəyir. Orta məktəbi bitirdikdən sonra peşə təhsil müəssisələrinə müraciəti isə heç də birmənalı yanaşılmır. Əgər peşə təhsili bitirən şəxslərin işlə təmin olmasına şərait yaratsaq, əmək haqlarını ali təhsillilərlə eyniləşdirsək bu kultu aradan qaldıra bilərik.
Peşə təhsil müəssisələri ilə orta məktəblər arasında sıx əməkdaşlıq yaratsaq, erkən yaşlarda uşaqlardakı bacarığı üzə çıxara bilərik. Bəzi uşaqların riyaziyyata həvəsi olmasa da hər hansı bir sənətə xüsusi bacarığı var. Belə uşaqlar peşə təhsil müəssisələrinı yönləndirsək cəmiyyət üçün daha faydalı olar. Burda peşə təhsili ilə yanaşı, tarix, coğrafiya, ədəbiyyat kimi zəruri fənlər də tədris olunacaq”.
Rəna NƏBİ