I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. Proses zamanı məktəbəhazırlıq keçən azyaşlılara müəyyən üstünlüklər verilir. Amma bu, valideynlərdə başqa sualların yaranmasına səbəb olur.
AzEdu.az ən çox verilən suallara cavabı təqdim edir:
Sual:
-Övladımın 5 yaşı var. Onun məktəbəhazırlığa getməsi məcburidir? Məktəbəhazırlığa qoymasam, onu məktəbə qəbul etməyəcəklər? Qeyd edim ki, övladım Rus bölməsində təhsil alacaq.
Cavab:
-Xeyr! Azyaşlıların məktəbəhazırlıq keçmələri üçün heç bir məcburiyyət nəzərdə tutulmayıb. Sadəcə, elektron qeydiyyat zamanı məktəbəhazırlıq qruplarında təhsil almış azyaşlılara bizi üstünlüklər verilir. Məsələn, onların sorğusu avtomatik olaraq sistemdə yerləşdirilir. Belə azyaşlılar məhz hazırlıq keçdikləri məktəb və müəllimin sinfinə düşürlər. Valideyn gələcəkdə övladının başqa məktəb və ya müəllimin sinfində təhsil almaq istəsə, sistemə daxil olaraq sorğusunu ləğv edib, başqa məktəbi seçə bilər. Yəni, azyaşlının istədiyi orta təhsil müəssisəsinə qəbulu baxımından məktəbəhazırlığın əhəmiyyəti çoxdur. Azyaşlının şəxsi inkişafında da bu qrupların rolu böyükdür.
Amma məktəbəhazırlıq keçməyən şagirdlər üçün heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Ümumiyyətlə, burada heç bir şagirdin təhsildən kənarda qalmasından söhbət gedə bilməz.
Qeyd edək ki, qeydiyyatdan keçən valideynlər elektron ərizəni çap etməli, sentyabrın 15-dək qəbul olunduqları məktəbə təqdim etməlidirlər.