Ölkəmizdə ümumi təhsil müəssisəsinin nümunəvi nizamnaməsinə əsasən, siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla təşkil edilir. Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir. Sinifdə şagirdlərin sayı 30-dan çox olduqda və ya otağın ölçüləri bu qədər şagirdin bir sinifdə tədrisinə imkan vermədikdə II paralel sinif yaradılır. Hər hansı səbəbdən tədris ilinin I yarısında sinif şagirdlərinin sayı azaldıqda və ya artdıqda, onlar müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.
Kurikulumdan səmərəli yararlanmaq üçün də bu nizamnamənin qaydalarına riayət edilməsi şərtdir.
Bəs, xarici ölkələrdə bununla bağlı vəziyyət necədir?
AzEdu.az bildirir ki, Türkiyə Təhsil Nazirinin qərarına görə, siniflərdə şagird sayı 10-dan az və 20-dən çox olmamalıdır. Şagird azlığı məktəblinin sosiallaşmasına mane olur. Şagirdin çox olduğu sinifdə isə müəllim şagirdə individual yanaşa bilmir.
Finlandiya da bu mövzuda azlığa üstünlük verir. Burada bir sinifdə 15, bəzən isə 20 şagird olur.
Amerikada sinifdəki şagirdlər digər ölkələrə nisbətən daha çoxdur. Bir sinifdə 30-40 şagirdin təhsil almasına icazə var.
Koreyada şagird sayı hədsiz çox olan tədris ocaqları kiçik məktəblərə bölünür. Bu, həm də ikinövbəli tədris sisteminin ləğvinə xidmət edir.
Yunanıstan ibtidai siniflərdə şagird sayı 25-30 arasında dəyişir.
Dünyada elmi ilə tanınan İsveçrədə isə bir sinfə düşən şagird sayı 20-25-dir.
Norveç qanunvericiliyinə görə, sinifdəki şagirdlərin sayı 30-u aşmamalıdır. Əks təqdirdə əlavə siniflər açılır.
Almaniya məktəblərində də siniflər 20-30 şagirddən ibarət olur.
Şükufə Süleymanlı