AzEdu.az bildirir ki, bu barədə
Moderator.az-a tədbirin əsas təşkilatçılarından biri- məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, tanınmış Qarabağ qazisi Vaqif Əlisoy məlumat verib.
“Rasim Balayevlə 26 ildən sonra məktəbimizdə keçirilən bir tədbirdə yenidən görüşdük. Hələ 1970-ci illərdən televiziya və kino zallarında yaratdığı obrazlarını görməklə tanıyıb sevdiyimiz Rasim Balayevlə ilk dəfə 1992-ci ilin payızında, daha yaxından isə 1993-cü ilin fevralında Cəbrayıldakı döyüş mövqelərinə səfərləri zamanı tanış oldum. Həmin dövrdə o, respublikamızın digər tanınmış sənət adamları Həsən Turabov, Söhrab Tahir, Qabil, Səkinə İslmayılova və s. ilə birlikdə Cəbrayıla və başqa döyüş bölgələrinə mütəmadi səfərlər edirdi. Sonuncu səfərində Rasim bəy mərd, qeyrətli rayon camaatı və igid döyüşçüləri ilə tanış olmaq, görüşmək üçün gəlmişdi. Bir neçə gün birlikdə Cəbrayılı qarış-qarış gəzdık. Hələ 1991-ci ildə Xalq Cəbhəsinin könüllü döyüşçüləri və rəhmətlik polis rəisi Rəşid Məmmədovun bilavasitə böyük qeyrəti və əzmkarlığı sayəsində ermənilərdən azad etdiyimiz 14 kəndin çoxunda olduq, əsgər və zabitlərimizlə görüşdük. Sonralar Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olan 1988-ci ildən 10-11 yaşlarından xalq hərəkatına qoşulmuş 15 yaşlı döyüşçümüz -“Tiqana” ləqəbli Samir Əliyevlə tanışlıq Rasim Balayevdə və rəhmətlik Həsən Turabovda xoş təəssürat oyatmışdı. Onu da qeyd edim ki, Samir Əliyev şəhid düşdükdən sonra hər iki sənətkar onun ailəsinə xeyli müddət mənəvi və maddi cəhətdən dəstək olub...”
Məktəb müəllimi görkəmli aktyorun kollektivlə görüşünün əsas hissəsinin işğal altındakı torpaqlarımıza həsr olunduğunu vurğulayıb:
“Dünənki görüş zamanı da böyük sənətkarımızla göz yaşları içində o illəri, şəhid Tiqananı xatırladıq. Həmin görüşləri əks etdirən video-görüntüləri birlikdə izlədik. O anlarda görkəmli aktyorumuzun necə həyəcan keçirdiyini kaş görəydiniz!!..
Rasim Balayev müəllim və şagird kollektivi ilə geniş və çox təsirli görüş keçirdi. Şagirdlərimizin hazırladığı qədim dövrlərdən bəri Azərbaycan tarixini əhatə edən bədii kompozisiya xalq artistinin ürəyincə oldu...
Yeri gəlmişkən, qeyd edim ki, 3 minə yaxın şagirdi olan məktəbimizdə bu cür vətənpərvər ruhlu tədbirlər, görüşlər mütəmadi keçirilir. Məktəbin yeni təyin olunmuş direktoru Dadaş Əliyev də belə məsələlərə diqqətlə yanaşır. O, məktəb kontingentinin xeyli hissəsini təşkil edən məcburi köçkün şagirdlərə xüsusi qayğı göstərir..."
Vaqif Əlisoy səhhətində ciddi problemlər olmasına rəğmən məktəb kollektivinin dəvətini qəbul edib görüşə gəldiyinə görə müəllim və şagirdlər adından təşəkkürünü ifadə edib:
"Bildiyiniz kimi, Rasim Balayevin səhhətində müəyyən problemlər var. Buna baxmayaraq o, dəvətimizi qəbul edərək görüşümüzə gəldi. Birlikdə Qarabağdakı səfərlərinə aid video-görüntülərə baxandan, o dövrdə, xalqın, gənclərin, hətta yeniyetmələrin torpaqlarımızın azadlığı üçün göstərdiyi qeyrəti, əzmi xatırladıqdan sonra böyük sənətkar kövrək və sualedici nəzərlərlər mənə baxdı. Yəni Rasim bəy demək istəyirdi ki, bəs necə oldu ki, sonda torpaqlarımızı itirdik. Cavab verdim ki, nə soruşmaq istədiyinizi bilərəm, Rasim bəy, bunu izah etməyə ehtiyac yoxdur...
Məşhur aktyorumuz şagirdlər qarşısında çıxışı zamanı onlardakı bu vətənpərvər ruhla qürur duyduğunu söylədi. Sənətkar kinomuzun bu günkü problemlərindən danışdı və torpaqlarımızın işğal altında olduğu bir zamanda teleekranlarımızda bayağı seriallar, verilişlər yerinə, xalqda, gənclərdə döyüş, qələbə əzmini oyadacaq bədii filmlərə, proqramlara böyük ehtiyac olduğunu vurğuladı... Onu da deyim ki, Rasim Balayev təvazökarlıq göstərərək görüşdən video və foto-görüntüləri çox yaymamağı xahiş etdi...”
“Görüşün sonunda Rasim Balayevə can sağlığı arzuladım və bildirdım ki , gün o gün olsun ki, onu yenidən Cəbrayılda qarşılayaq. Millətimiz belə sənətkarlarımızın qədrini bilməlidir. Cəbrayılda görüşənədək , Rasim bəy!..” - Qarabağ qazisi açıqlamasını bitirərkən belə deyib.