AzEdu.az-ın gündəmə gətirdiyi, ilik qiymətləri arasında “2” olan şagirdlərin buraxılış imtahanına buraxılmaması məsələsi son günlər sosial mediada sıx müzakirə olunmaqdadır.
Ölkə qanunvericiliyinə əsasən, tam orta təhsil səviyyəsi üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən, hər hansı tədris ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya fənn (fənlər) üzrə illik qiyməti “2” olan buraxılış sinif şagirdləri yekun attestasiyaya, o cümlədən buraxılış imtahanına buraxılmırlar.
Bu, Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda əks olunub.
AzEdu.az xarici ölkələrdə ən pis qiymətin şagird həyatı üçün mahiyyətini öyrənmək məqsədilə dünya təcrübəsini araşdırıb. Məlum olub ki, əcnəbi ölkələrdə ümumiyyətlə, məzunun yekun imtahana buraxılmaması, attestat ala bilməməsi məsələsi yoxdur. Bu barədə portala açıqlamasında A-Lvel xaricd təhsil mərkəzinin rəhbəri Ayan Əliyeva məlumat verib. O bildirib ki, İngiltərə, Amerika və Avropa ölkələrində bu məsələ müxtəlif yollarla həll olunur:
“Onlarda ümumiyyətlə, məzuna attestat verməmək anlayışı yoxdur. Məsələn, İngiltərədə GCSE, A- Level proqramları var. Orada ən aşağı qiymət F, E sayılır. E-dən başlayaraq A, B, C, D qiymətləri də mövcuddur. GCSEdə 8 fənn olur. Şagirdin iki fənnninin nəticəsi E olduğu halda, ona yenə də, sertifikat verilir. Sadəcə orada həmin aşağı qiymətlər qeyd olunur. Bu, o demək deyil ki, məzun A-Leveli keçə bilmir. Sadəcə 8 fənni 4-ə qədər azaldırlar və məktəbli güclü bildiyi fənləri davam etdirir. A-Level 4 fənni bizdə XIXI siniflər hesab edilir. Onlarda isə bu, XI –XII siniflərsayıla bilər. Beləliklə şagird 4 fənni 1il ərzində oxuyur. İlin sonunda məktəbliyə bu fənlərdən birindən imtina etmək hüququ verilir. Əsasən,şagird ona çətin gələn və qiyməti aşağı olan fəndən imtina edir. 3 fənndən A, B, C, dördüncüsündən isə E aldığınız halda sonuncu sinifdə yalnız 3 fənlər keçirsiniz. Adətən, bu 3 fənn məzunun ən yaxşı bildikləri olduğuna görə, kəsilmir. Bu 3 fənndən də birindən aşağı qiymət alan məzun da universitetə qəbul olunmaq şansı qazanır. Yəni, bu ölkədə attestat verilməməsi mümkün deyil”.
Bütün qiymətləri E və F-dən ibarət olan şagirdə gəldikdə isə Ayan xanım bildirib ki, belə tələbə özü bütün fənləri təkrarlamaq istəyər.:
“Amma yenə də onun attestat alması üçün şərait yaradılır. Avropa ölkələrində A-Level olmasa da, sistem Britaniyadakına oxşayır. IB diplomu hazırda Avropada da çox işə yarayır. Orada 45 baldan 24-nü toplayan IB-ni qazanmış hesab olunur. 24 balı toplamayan isə Britaniyada olduğu kimi müəyyən fənləri götürə bilər. Avropa ölkələrində də ən pis qiymətə belə attestat verilir. Universitetlər üçün də attestatda pis qiymətin olması elə də əhəmiyət kəsmir. Məsələn, bəzi universitetlər Kimya fənninə baxmırlar. Tələbə biznes təhsili almaq istəyirsə, Kimyadan “2” alıb almamasının fərqi yoxdur. Onlar çalışırlar ki, şagird məktəbi də bitirsin, universitet də qəbul olunsun. Hər şey buna əsaslanıb”.
Qeyd edək ki, ölkəmizdə buraxılış imtahanında iştirak etməyən buraxılış sinif şagirdlərinin yekun qiymətləndirilməsi aparılmır. Onlara ümumi təhsil müəssisələrində təhsil almalarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.