Lənkəranın Boladi kənd sakini, ixtisasca müəllim olan Eldar İlqaroğlu yaşadığı kəndin şəhidləri haqqında yeni layihə başlayıb.
AzEdu.az xəbər verir ki, bu barədə Mübarizim.az-a adı çəkilən müəllimin özü məlumat verib.
Kənd məktəbində İbtidai hərbi hazırlıq müəllimi işləyən Eldar İlqaroğlu qeyd edib ki, bu istiqamətdə hər bir azərbaycanlı bacardığı işi görməlidir. “Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərin daim xatırlanması istiqamətində hər kəs əlindən gələni əsirgəməməlidir. Düşünürəm ki, ilk əvvəl bu bizim mənəvi borcumuzdur. Çünki o insanlar məhz bizim rahatlığımız üçün canlarını fəda ediblər.”
İlk olaraq Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Bahadur Tehran oğlu Həsənov haqqında sənədli film hazırlayıb.
Eldar müəllim deyir ki, çəkdiyi ilk film ona çətinliklə başa gəlib. “Düzü kamera olmadı. Adi mobil telefonla çəkmişəm. Bəzi müsahiblərdən isə sadəcə xahiş etmişəm ki, şəhid haqqında fikirlərini çəkib video şəklində mənə göndərsinlər. Düzdür bəlkə də qüsurlar çoxdur. Amma bu məni narahat etmir. Çünki bu işi görən zaman aldığım mənəvi ləzzət daha gözəldir.”
Eldar müəllim digər gənclərə də səslənib. “Sadəcə təşəbbüs göstərmək lazımdır. Qalan işlər həllini tapacaq. Eybi yox ola bilər ki, görünüş cəhətdən o qədər də keyfiyyətli material olmasın. Amma əsas istəkdir. Arzu edirəm ki, bütün gənclərimiz bu istiqamətdə fəaliyyət göstərsinlər. Ola bilər ki, kiminsə başqa işi var, olsun o sahədə davam etsin. Amma vaxt olduqca şəhidlərimizin tanıdılması üçün az da olsa bir iş görsün. Ən azından yaşadığı kəndin, qəsəbənin, şəhərin şəhidlərini tanıtdırsın, əgər qohumunda, qonşusunda şəhid ailəsi varsa onlar haqqında cəmiyyətə müxtəlif üsullarla məlumat versin. Deyək ki, elə şəhidin şəkilini sosial şəbəkələrdə paylaşıb haqqında bir cümlə belə yazsa həqiqətən böyük işdir.”
Biz də Mübarizim kollektivi olaraq Eldar İlqaroğluna gördüyü bu nəcib işdə uğurlar arzulayırıq. İnanırıq ki, Eldar müəllim kimi insanların sayı hər keçdiyimiz gün artacaq.
Filmi təqdim edirik: