“Orta məktəblərdə din dərsinin keçirilməsi zəruridir. Çünki gənc yaşlarında olan şəxslər başqa insanların təsiri altına düşüb, fərqli təriqətlərə yönəlirlər. Amma orta məktəbdə din bilgisi alan Azərbaycan gənci heç bir təsir altına düşə bilməz”.
Bunu AzEdu.az-a açıqlamasında şərqşünas, din tarixi və nəzəriyyəsi üzrə mütəxəssis Vüsal Hətəmov deyib. 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.
“Multikulturalizmə giriş” fənni kimi isə ali məktəblərdə bu istiqamətli mövzular tədris olunacaq. Bu mövzu cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və müxtəlif fikir ayrılıqlarına səbəb olur. Vüsal Hətəmov dini dərslərin keçirilməsinin vacib olduğunu qeyd edib:
“Bugünkü gənclərimiz İslamı, bütpərəstliyi, xristianlığı və digər dinləri bilməlidilər. Belə olduqda heç kim onun ideoloji boşluğunu doldura bilməz. Suriyada, İraqda bir çox gənclərimiz səhv yola istiqamətlənirlər. Bu bizə nümunə olmalıdır. Əgər onlar orta məktəbdə din tədrisi alsaydılar, heç birini cənnət adı ilə Suriyaya, İraqa aparıb məhv etməzdilər”.
Jurnalist Vüsal Məmmədov dinlər haqqında bilgilərin verilməsinin müsbət hal olduğunu qeyd edib:
“Bəşəriyyət tarixində Tanrı ideyasının necə formalaşdığı, fövqəltəbii qüvvələrin hansı şəkildə ortaya çıxdığı haqqında məlumatlar əldə etmək müsbət haldır. Belə tədris bizə yalnız xeyir gətirə bilər. Dinin mahiyyətini aşılamaq lazımdı, qaydalarını deyil. Əgər dinin buyurduğu əməllər öyrədiləcəksə, o zaman mən qəti şəkildə bu prosesin əleyhinəyəm. Bu gələcək nəsli ancaq uçuruma apara bilər”.
Şükufə Süleymanlı