Azedu.az

“Azərbaycan məktəbi” jurnalının 95 yaşı tamam olur  

23 Aprel 2019, 10:00
“Azərbaycan məktəbi” jurnalının 95 yaşı tamam olur  

Azərbaycan pedaqoji mühitinin formalaşmasında “Azərbaycan məktəbi” elmi jurnalının xidmətlərini saymaqla bitməz.

“Azərbaycan məktəbi” dövrün ictimai-siyasi tələblərindən doğan bir zərurət idi. Jurnalın ölkəmizin adını daşıması və bilavasitə məktəblərimizin, təhsilimizin xidmətində dayanması faktı öz-özlüyündə çox şeydən xəbər verir. Mübaliğəsiz demək olar ki, Respublikamızın tarixində belə uzunömürlü jurnal yoxdur.

Yaranma tarixçəsi

Respublika tarixində ən uzunömürlü elmi jurnal hesab edilən “Azərbaycan məktəbi” 1924-cü ildə ilk Maarif Komissarı Mustafa Quliyev tərəfindən Respublika Xalq Maarif Komissarlığının tərkibində təsis edilib. Ölkədə savadlılığın artması, pedaqoji maariflənmənin yayılması və pedaqoq-müəllimlərə dəstək məqsədilə yaradılan mətbu orqanın ilk baş redaktoru da Mustafa Quliyev olub. “Azərbaycan məktəbi” jurnalının ilk buraxılışları əski əlifbada ərəb qrafikası ilə “Yeni məktəb” (مكتب ينى) adı altında nəşr edilib. Ərəb qrafikası ilə nəşri 1929-cu ilə qədər davam edən jurnalın latın qrafikası ilə nəşri isə 1930-cu ildən başlayıb və “Müəllimə kömək” (“Müəllimə qöməq”) adlandırılıb. 1941-42-ci illərdə Böyük Vətən müharibəsinin çətinliklərindən irəli gələn səbəblərdən jurnalın yayımına məhdudiyyət qoyulub və dayandırılıb. Lakin 1943-cü ildən etibarən indiki “Azərbaycan məktəbi” adı altında kiril əlifbası ilə Azərbaycan dilində fəaliyyəti davam etdirilib. 

Məqsəd və məram

Dərc edildiyi ilk sayından indiyə qədər bir əsrlik yol qət edən “Azərbaycan məktəbi” təhsil sisteminin yenilənməsində, təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metodları və üsullarının təbliğində, gənc nəslin azərbaycançılıq ruhunda tərbiyə olunmasında, dünya və ölkənin qabaqcıl müəllimlərinə, pedaqoqlarına xas təcrübənin ölkə pedaqoji ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynayıb. Jurnalda yer alan “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tarixi”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi qərar və sərəncamlardan irəli gələn konseptual məsələləri, Azərbaycan təhsilində son dövrlərdə həyata keçirilən genişmiqyaslı islahatların elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınması, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq və təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarına dair zəngin tədqiqat faktlarını əhatə edir.

Dünya təcrübəsində bir ilk - Special Issue (Xüsusi buraxılışlar)

Keçmiş Sovet Respublikaları arasında ilk dəfə olaraq “Azərbaycan məktəbi” jurnalına əlavə kimi müxtəlif illərdə 8 adda metodik məcmuə çap edilib. Həmin metodiki əlavələrin bəziləri bu gün də dərc olunmaqdadır. Dövrün tələblərinə uyğun olaraq ilk əlavə məcmuə 1947-ci ildən nəşrə başlayan Azərbaycanda rus dili və ədəbiyyatının tədrisi ilə bağlı olan jurnal olub. Əlavə buraxılışlar əslində formaca özləri müstəqil jurnal mahiyyəti kəsb edirdisə də, əslində onların “əlavə” hesab edilməsi “Azərbaycan məktəbi”nin bütün fənləri əhatələmək qabiliyyətindən irəli gəlirdi. Çünki “Azərbaycan məktəbi” ölkədə pedaqoji mühiti tam mənası ilə bütövlükdə əhatə edən samballı elmi dərgi idi. Məhz bu əlavələr onun simasını tamamilə dəyişir və nüfuzunu qaldırırdı. Dünya pedaqogika tarixində bu qədər uzun bir tarixə malik və əlavələrə sahib ikinci bir elmi dərgi analoqu tapmaq çətindir. Əlavə buraxılışlar illər üzrə ardıcıllıqla aşağıdakılardan ibarətdir.

  1. “Русский язык и литература в Азербайджане” (1947)
  2. “Azərbaycan dili və ədəbiyyat tədrisi” (1954),
  3. “Fizika və riyaziyyat tədrisi” (1954),
  4. “Kimya və biologiya tədrisi” (1956),
  5. “Əmək və politexnik təlim” (1958),
  6. “Tarix, ictimaiyyat, coğrafiya tədrisi” (1964),
  7. “İbtidai məktəb və məktəbəqədər tərbiyə” (1970),
  8. “Məktəbdə bədən tərbiyəsi” (1976).

Vacib məsələlərdən biri kimi bu da qeyd edilməlidir ki, fənlər üzrə əlavə metodik məcmuələr nəşrə başlayana qədər metodika sahəsindəki yeni ideyalar yalnız bu jurnal vasitəsilə təhsil ictimaiyyətinə çatdırılırdı.

Alimlər ordusu

Öz ətrafına təcrübəli pedaqoqlar toplayan bu jurnalın adı həmişə öncüllər sırasında çəkilib, təhsil mədəniyyətimizin yaradılması və inkişaf etdirilməsində ən çevik və etibarlı mətbuat orqanı kimi tanınıb. “Azərbaycan məktəbi” Azərbaycan milli təhsilinin tarixi və canlı salnaməsidir. Onun səhifələrində ölkəmizin görkəmli pedaqoqları - Mehdi Mehdizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Hüseyn Əhmədov, Əjdər Ağayev, Bəşir Əhmədov, Nurəddin Kazımov, Yusif Talıbov, Əliheydər Haşımov və digər yüzlərlə elm, sənət adamları, maarifçilər, metodistlər, məktəb rəhbərləri çıxış edib, təhsilimizin uğurları və inkişaf yolları haqqında pedaqoji ictimaiyyətə dəyərli fikir və təkliflərini çatdırıblar.

Bundan başqa Azərbaycan ictimai fikrinin ən tanınmış simaları - Bəkir Çobanzadə, Mustafa Quliyev, Süleyman Sani Axundov, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Məmməd Arif, Məmməd Cəfər, Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Ağəmməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Əkbər Bayramov, Budaq Budaqov, Əbdül Əlizadə, Yəhya Kərimov və digərləri jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu məcmuə vasitəsilə oxuculara çatdırıblar.

XX əsrin 70-80-ci illərində “Azərbaycan məktəbi” jurnalı Sovetlər Birliyinin ən nüfuzlu pedaqoji nəşrləri sırasında yer alırdı. Jurnalda Sovetlər Birliyinin və dünyanın ən məşhur pedaqoqlarının əsərlərindən tərcümələr verilir və pedaqoji mətbuata dair kitabların təqdimatları yer alırdı. Keçmiş ittifaqın tanınmış pedaqoq alimlərinin, o cümlədən keçmiş SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri - akademiklər Yuri Babanski, Artur Petrovski, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri Daniel Elkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson, Nadejda Krupskaya, Belorusiyadan olan akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amonaşvili və digərlərinin əsərləri sistemli olaraq jurnalın səhifələrində yer alıb.

Baş redaktorlar

İlk baş redaktoru Mustafa Quliyev (1924-1928) olan jurnala 1928-1929-cu illərdə Abbas Sultanov, 1930-cu ildə Qılıncinski, 1932-ci ildə Mikayıl Rəhimli, 1935-1936-cı illərdə Pənah Qasımov, 1937-1940-cı illərdə İsmayıl Qasımov, 1940-cı ilin sonlarında Rüstəm Hüseynov, 1941-1943-də Laləzar Mustafayeva, 1947-də Ə.M.Qafarlı, 1948-1963-cü illərdə Rüstəm Hüseynov, 1963-1974-cü illərdə Əkbər Mirzəyev, 1974-1981-ci illərdə Əjdər Ağayev, 1981-2006-cı illərdə Zəhra Əliyeva, 2006-2018-ci illərdə Nəcəf Nəcəfov rəhbərlik edib. Hazırda jurnalın baş redaktoru Rahil Nəcəfovdur.

Beynəlxalq nüfuzlu elmi indekslərdə

2018-ci ildən Təhsil Nazirliyinin tövsiyəsi ilə jurnalda məqalələrin işlənməsi və qəbulu, tərtibat və dizayn sahəsində yeni standartlar tətbiq olunur. Jurnal beynəlxalq nüfuzlu elmi indekslərdə indekslənir və öz ənənələrinə sadiq qalaraq maarifçilik, fundamental elmi istiqaməti, innovativlik təmayülünü əsas götürür.

Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, DRJİ, Idealonline, EBSCO, COPE indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların - SCOPUS, Web of Science-in istinad bazasına düşməkdir. Bu hədəfə çatmaq üçün isə qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. 

Məqalələrin daha rahat axtarış və istinad sistemini təmin etmək məqsədilə DOİ (digital object identifier) nömrələri və müəlliflər üçün müəlliflik hüququnu təmin edən beynəlxalq ORCID seriyaları alınır. Bu isə imkan yaradır ki, müəlliflərin məqalələri dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasında olsun. Bu, elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya olunmaq baxımından çox önəmlidir.

Elektron fond

Jurnalın www.journal.edu.az saytının da rolu danılmazdır. Saytda yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunan məqalələrin də arxivi yerləşdirilir. 95 illik fəaliyyətin, eləcə də əlavə buraxılışları ilə birlikdə on minlərlə məqalənin elektron fondu Respublika elmi ictimaiyyəti, pedaqoqlar, tədqiqatçılar, məktəb müəllimləri üçün çox böyük bir töhfə olacaq. Elektron arxivlərdə müxtəlif illərdə jurnalda elmi əsərlərini dərc etdirən on mindən artıq müəllifin məqalələri Azərbaycan, ingilis və rus dillərində yerləşdirilir ki, bu da sadəcə ölkə daxilində deyil, eləcə də dünyada jurnalın nüfuzunu yüksəldəcək, jurnaldan alimlərin elmi istinadlar etməsini aktivləşdirəcək və qısa müddətə “Web of Science”in elmsimetrik platformasına daxil olmasına imkan verəcəkdir. Bu elektron fond təhsil tariximizin öyrənilməsi baxımından mühüm mənbə kimi diqqət çəkəcək, eləcə də təhsil tariximizi araşdıranların, doktorant, magistr və tələbələrin tədqiqat işini asanlaşdıracaq.

Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində də məqalələrin dərc olunmasıdır. 2018-ci ildə, gündən-günə yenilənən və müasirləşən təhsil siyasəti və texnologiyalarına adekvat olaraq Təhsil naziri Ceyhun Bayramovun bilavasitə göstərişi ilə bir əsrlik qocaman jurnalın fəaliyyəti istiqamətində böyük dəyişikliklər edilib. Jurnalın saytı (www.journal.edu.az) və sosial şəbəkələrdə səhifələri yaradılıb, dizaynı və forması tamamilə yenilənib. Artıq yeni, beynəlxalq standartlara cavab verən, dünya miqyasında “Azerbaijan Journal of Educational Studies” adı ilə akademik ünvana sahib “Azərbaycan məktəbi” demək olar ki, Respublika elmi-pedaqoji mühitinin əsas istinad nöqtəsinə çevrilməkdədir.

Aparılan çoxşaxəli işlərin nəticəsi olaraq “Azərbaycan məktəbi” ingilis dilində də dünyaya çıxır və onun səhifələrində xarici ölkələrdən – Türkiyədən, Rusiyadan, Ukraynadan, Çindən, Amerikadan, İngiltərədən, Yeni Zelandiyadan və s. müəlliflərin məqalələrinə rast gəlmək mümkündür.

Qeyd! “Azərbaycan Məktəbi” 2019-cu il nömrələrinə məqalə qəbul elan edir.

Jurnal tədqiqatçıların, müəllimlərin pedaqoji sahədə sanballı elmi məqalələrini gözləyir. Çap olunan məqalələrə qonorar da veriləcəkdir. Məqalələrin çapı və oxucuya çatdırılması pulsuzdur. 

Jurnalın redaksiyasının ünvanı və əlaqə telefonları:

AZ 1065, Bakı şəhəri, Azad Mirzəyev küçəsi, 236.

Tel: + 994 12 538 82 65; + 994 12 538 82 67
E-mail: [email protected]

www.journal.edu.az

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox