19 aprel 2019-cu il tarixdə 45 saylı tam orta məktəbdə Aprel döyüşlərinin şəhidlərinə həsr edilən “Aprel fədailəri” adlı tədbir keçirilib.
Məktəbə gələn qonaqları foyedə “Sarı gəlin” libasında qarşılayaraq, onlara şagirdlərin Vətən şəhidlərinə və qəhrəmanlarına həsr etdikləri əl işlərindən ibarət sərgini təqdim etdilər.
Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aprel ayının 18-də Lələtəpədə vəzifə səlahiyyətlərini yerinə yetirərkən, həlak olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun xanımı Nəcibə Axundova şəhidinin həyat yolundan, vətən sevgisindən, dövlətin şəhid ailələrinə qayğısından danışdı.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva məktəblərdə vətənpərvərlik dərslərinin keçirilməsini, uşaqların tərbiyəsində və formalaşmasında qəhrəmanlarımızın həyat səhifələrinin öyrədilməsinin uğurlu bir ənənə olduğunu dedi.
Aprel zəfəri, Azərbaycan Ordusunun əsgərlərinin qəhrəmanlığından danışdı. Daha sonra , Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov,Azərbaycan Respublikası Silahlı Qüvvələri və Təhlükəsizlik orqanlarının veteran zabiti, ehtiyatda olan polkovnik Elşad Şabanov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev də öz çıxışlarında şəhidlərinizin ruhlarının narahat olduğunu, Vətən torpaqlarının azad ediləcəyi günü gözlədiklərini dedilər.
45 saylı məktəbin 1-5-ci sinif şagirdlərinin ifasında hazırlanan “Aprel fədailəri” kompozisiyasını ifa edən məktəblilər Vətəni, Torpağı, Azərbaycanı , qəhrəmanlığı vəsf edən mahnılar və şerlər oxudular.
Tədbirin sonunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilmiş şəhid Sənan Axundovun xatirəsinə həsr edilən şahmat üzrə turnirdə qalib gələn komandalar müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.
Respublika Veteranlar təşkilatının sədri general polkovnik Tofiq Ağahüseynov 45 saylı məktəbin direktoru Nəcibə Axundovanı təhsildə etdiyi yeniliklərə, qayğıya və uğurlara görə “General Həzi Aslanovun 100 illik yubiley medalı” ilə təltif etdi.