Azedu.az

“Fəxr edirəm ki, rus dilini ruslardan daha yaxşı bilirəm” - Deputat Araz Əlizadə  

17 Aprel 2019, 16:36
“Fəxr edirəm ki, rus dilini ruslardan daha yaxşı bilirəm” - Deputat Araz Əlizadə  

Əməkdar jurnalist Azər Həsrətin Facebook sosial şəbəkəsində yazdığı status sosial şəbəkədə  birmənalı qarşılanmayıb.

O, statusunda qeyd edib ki, Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır.

AzEdu.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənməyə çalışıb:

Azərbaycan Milli Məslisinin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hər kəsin öz şəxsi  fikri olduğunu qeyd edib:

“Cəmiyyətdə hamının fərqli  fikirləri olur. Bu da müxtəlif yanaşmalara gətirib çıxarır. Azərbaycan vətəndaşı nə qədər çox dil bilsə, bu, onun üstünlüyüdür

Günümüzdə Azərbaycanda ingilis, fransız, rusdilli məktəblər fəaliyyət göstərməkdədir. Onların nisbətində isə, rusdili bölmələri  olan məktəblər üstünlük təşkil edir.

Etiraf etməliyəm ki, rus dilində oxuyan şagirdlərin dünyagörüşü, bilik səviyyəsi Azərbaycan dilində oxuyan şagirdlərdən daha çoxdu. Bu, acı da olsa, həqiqətdir.

Rus dilinin belə inkişaf etməsinin səbəbi elmi bazanın yəni, kitabların, məlumatların çoxluğudur.  İnternetdə hər hansı məlumatı əldə etmək üçün axtarış verdikdə nəticələrin çoxu rus dilində çıxır.

Bizdə tərcümə mərkəzləri ciddi işləməlidir. Tək bədii ədəbiyyatlar deyil, dərsliklər, elmi əsərlər, tarix kitabları Azərbaycan dilinə çevrilməlidir.

Uşaqlar üçün xüsusi ensiklopediyalar hazırlanmalıdır ki, onlar bu kitabların sayəsində dilimizi mükəmməl şəkildə öyrənsinlər.

Rus bölməsində oxuyan uşağın məlumatları daha tez əldə etməsi onun digərləri ilə müqayisədə daha savadlı olmasına gətirib çıxarır”.

Deputat Aqil Abbas isə insanın hansı dildə təhsil almasının heç bir əhəmiyyəti olmadığını qeyd edib:

“Valideyn öz istəyindən asılı olaraq övladını ya rus, ya da  Azərbaycan bölməsində oxuda bilər. İngilisdilli təhsil isə pullu olduğundan çox ailələrin buna imkanı çatmır. Rus dilində təhsil isə pulsuzdur, ona görə də bəzən bu seçimi də edirlər.

Azər Həsrətin bu fikrini qətiyyən qəbul etmirəm. Sosial şəbəkələrdə insanlar bu məsələnin üstündə bir-birini qırır. Bizə isə bərabərlik lazımdı”.

Millət vəkili, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə rusdilli məktəblərin yaxşı savad verdiyini qeyd edib:

“Mən 190 nömrəli məktəbi Azərbaycan dilində oxumuşam universiteti də, Azərbaycan dilində bitirmişəm. Lakin fəxr edirəm ki, rus dilini ruslardan daha yaxşı bilirəm.

Azər Həsrətin bu fikri isə absurd və qəbul olunmazdır”.

Şükufə Süleymanlı

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox