Livanın “əl-Cumhuriyyə” qəzeti və “menanews24” xəbər portalı AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyevin “Bakı – Müsəlman Şərqində müsəlman qızlar üçün ilk məktəbin açıldığı şəhər” adlı məqaləsini nəşr edib.
Məqalədə Müsəlman Şərqində ilk dünyəvi müsəlman qızlar məktəbinin tarixindən bəhs edilir. Bildirilir ki, bu tədris ocağı böyük xeyriyyəçi və messenat Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda 1901-ci ildə fəaliyyətə başlayıb.
Qısa müddətdə nümunəvi tədris ocağına çevrilən məktəbdə şagirdlər ana dili, müəyyən dini biliklərlə yanaşı, rus dilini, təbiət elmlərini öyrənir, gələcək ailə həyatında vacib olan vərdişlərə yiyələnirdilər.
Məqalədə qeyd edilir ki, məktəb binasında dövrün meyarlarına cavab verən təhsil üçün hər cür imkan yaradılmışdı. Sinif otaqları lazımi əyani dərs vəsaitləri ilə, o cümlədən yazı lövhələri, xəritələr, qlobuslar, müxtəlif heyvanların müqəvvaları ilə təmin edilmişdi. Məktəbdə ehtiyacı olanların qalması üçün də tam şərait yaradılmışdı.
Məqalədə o da vurğulanır ki, ötən əsrin əvvəllərində Bakıda müasir tipli ilk dünyəvi müsəlman qızlar məktəbinin açılması nəinki Azərbaycanın, habelə bütün müsəlman dünyasının təhsil tarixində xüsusi əhəmiyyətə malik hadisə idi.