2019-cu il aprelin 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin kompüter zalında məktəbin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları üzrə otk.az portalı vasitəsilə ödənişsiz onlayn sınaq imtahanları keçirilib.
DİM-dən AzEdu.az-a verilən məlumata görə, onlayn sınaq imtahanlarının başlanması, gedişi və başa çatdırılması prosesi real vaxt rejimində DİM-dən – onlayn imtahanların idarəolunması mərkəzindən həyata keçirilib.
İmtahan saat 11.00-da başlayıb və 3 saat müddətində aparılıb.
Həmçinin məktəbin kitabxanasına DİM tərəfindən 9 və 11-ci siniflərin buraxılış imtahanlarına daha səmərəli hazırlaşmaları üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumlar) əsasında hazırlanmış "Abituriyent" jurnalının xüsusi buraxılışları hədiyyə edilib.