Azedu.az

“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində 125 şagird iştirak etdi

30 Mart 2019, 16:00
“Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsində 125 şagird iştirak etdi

Martın 30-da akademik Zərifə Əliyeva adına Liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin ölkə mərhələsi keçirilib.

AzEdu.az xəbər verir ki, təhsil nazirinin müavini, müsabiqənin Təşkilat Komitəsinin sədri Məhəbbət Vəliyeva və Təşkilat Komitəsinin üzvləri bilik yarışını izləyiblər.

Nazir müavini qeyd edib ki, müsabiqə şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onların ədəbiyyata olan marağının daha da artırılması baxımından böyük əhəmiyyətə malikdir.

M.Vəliyeva şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında məlumatlılıq səviyyəsini öyrənmək, gənc nəsildə mütaliəyə həvəsi gücləndirmək və bu sahədə xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirmək baxımından müsabiqənin rolunu diqqətə çatdırıb.

O qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu il 11 yanvar tarixli Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib. Bununla əlaqədar müsabiqə sualları arasında İmadəddin Nəsimi yaradıcılığına geniş yer ayrılıb.

İştirakçılar müsabiqənin ölkə mərhələsində 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazıb və 10 sualı cavablandırıblar.

Şagirdlərin yazı işləri təhsil nazirinin əmri ilə yaradılan münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Yekunda müsabiqənin ölkə mərhələsinin iştirakçıları arasından qaliblər seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq görüləcək. Onlar diplom, tərifnamə və qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil olunub. Müsabiqənin məktəb mərhələsində 25 minə yaxın şagird iştirak edib, onların arasında fərqlənən 5500 şagird rayon (şəhər) mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi fevral ayında yekunlaşıb və qalib olan 125 şagird ölkə mərhələsində iştirak edib. İştirakçılardan 12 nəfəri VIII, 37 nəfəri IX, 29 nəfəri X, 47 nəfəri XI sinif şagirdləridir.

“Müsabiqənin ölkə mərhələsində iştirak etdiyimə görə özümü çox şanslı sayıram. Bu mərhələyə keçmək üçün mən məktəb mərhələsində və rayon mərhələsində qalib olmuşam. Müsabiqədə mütaliəm sayəsində qazandığım bilikləri nümayiş etdirəcəyəm. İnanıram ki, ölkə mərhələsinin qalibləri sırasında mən də olacağam”. Bu sözləri Biləsuvar rayonunun 4 saylı tam orta məktəbin şagirdi Mirili Elnaz müxbirimizə açıqlamasında deyib.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən “Ədəbiyyat biliciləri” müsabiqəsi ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə dördüncü ildir keçirilir.

Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır
Son xəbərlərDaha çox