Mart ayı ərzində keçirilən buraxılış imtahanlarında başqasının əvəzinə binaya daxilolma cəhdləri aşkarlanmayıb.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən bildiriblər.
Məlumatda qeyd olunur ki, martda baş tutan hər 3 imtahanda (3, 10 və 17 mart) heç bir şagird başqasının yerinə binaya daxil olmağa cəhd göstərməyib.
Qeyd edək ki, fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə 4 nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınmışdı.
Qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.