Azedu.az

“Gənc müəllimlər burada işləməkdən qorxurlar, amma məzunların 90 faizi tələbə olur” – “Didərgin məktəblər”  

Məktəblər

8 May 2019, 11:02
“Gənc müəllimlər burada işləməkdən qorxurlar, amma məzunların 90 faizi tələbə olur” – “Didərgin məktəblər”  

AzEdu.az məcburi köçkün məktəblərinin son durumu ilə bağlı silsilə yazılara başlayır. Haqqında danışacağımız ilk  obyekt isə Şuşa məktəbləridir. Qədim tarixi ənənəsi olan bu məktəblər özündə köçkünlük həsrəti ilə yaşayan xeyli müəllim ordusunu birləşdirir.

İşğaldan əvvəl geniş yaşıllıqlar qoynunda böyük şəxsiyyətlər yetişdirən Şuşa məktəbləri fəaliyyətlərini hazırda Bakı, İsmayıllı, Bərdə, Göyçay kimi ərazilərdə davam etdirirlər.

İlk yazımızda qədim Şuşa məktəblərinin özünəməxsus tədrisənənələrinə köçkünlük nisgili ilə baxıb, onların müasir dövrdəki fəaliyyətini işıqlandırmağa çalışdıq.

“Qaçqınlıq bizi elə kökə saldı ki... “Şuşa məktəbi” adlanan təhsil ənənəsi pozuldu. İşğaldan sonra kollektivlər dağıldı, məktəblər bir-birinə qarışdı, o “qızıl müəllimlər”in hərəsi bir yerə səpələndi. Bəziləri ilə əlaqə yaratdıq, məktəblər yenidən formalaşdı. Bütün bunlar inkişafımızı bir qədər ləngitdi”.

Bərdədə yerləşən 19 nömrəli Şuşa məktəbinin direktoru Rafael Məmmədov ““qədim Şuşa məktəbi”nin  ənənəsinə sadiq qala bilirikmi?” sualına bu kəlmələrlə cavab verir. Bir qədər köks ötürərək davam edir:

“Tədris - müəllimlər və şagirdlərdən  o vaxtlarda - Şuşadakı kimi olmasa da, nisbətən, razıyam. Mənə hərdən elə gəlir ki, oradakı müəllimlər daha savadlı idilər; ixtisasları və pedaqogikanı daha yaxşı bilirdilər. Bu, bəlkə də keçmiş məktəbin həsrəti ilə bağlıdır. Oranın xatirələri hərdən gözlərimi bağlayır, buradakıları qiymətləndirməkdə çətinlik çəkirəm...

Bilirsiz, ora bir başlanğıc idi. Təhsil inkişaf edirdi. Sonra işğal nəticəsində hər şey dağıldı, onları yenidən başlamalı olduq.

Orada bir ənənə vardı.İndiki məktəbdə nələrsə müəyyən qədər qədim Şuşa məktəbini xatırladır. Şuşadan gələn müəllimlər müəyyən qədər o ənənəni yaşatmağa çalışırlar. Siniflərdə guşələri yaradır, Şuşaya aid tədbirlər keçiririk. Xatirələri yaşatmaq istəsək də, şəxsən mənim ürəyim istədiyi kimi olmur”.

Rafael müəllim deyir ki, məktəb yeni tikilib və təmirlə bağlı problemi yoxdur:

“Sinif otaqları, istilik, təchizat, hər şey qaydasındadır. Lazım olan işləri həll etmişik. Məktəbdə qaz olmadığına görə odundan istifadə edirik. Amma bu, istilik üçün kifayət edir”.

“Şuşa məktəbindəki əksər müəllimlər çox savadlıdırlar”

Şuşa məktəblərindəki müəllimlərin intellektual bacarıqları, dünyagörüşü məsələsinə gəlincə isə direktor belə cavab verir:

“Müəllimlərimizin kifayət qədər müsbət və mənfi cəhətləri var. Onların ürəyi geniş olmalıdır. Bəzi təcrübəsiz, uşağa münasibəti yaxşı olmayan müəllimlərimizi qəbul edə bilmirəm. Müəllim şagirdi sevməlidir; onun nadinc, yaxşı və ya pis oxumasının heç bir fərqi yoxdur.

Məktəbə MİQ imtahanları vasitəsilə ilə hər il 4-5 müəllim gəlir. Onların arasında yaxşısı da, pisi də var. Bacarıqlılarını görəndə sevinirəm. Amma bəzi müəllimlərin dünyagörüşü, təcrübəsi məni qane etmir. Əksəriyyətiçox savadlıdırlar. Yeni nəsil müəllimlərin kompüter və kurikulumbilikləri daha yaxşıdır. Təcrübəli həmkarlarına da bu barədə kömək edirlər”.

Eyni binada növbə ilə fəaliyyət göstərən məktəblər...

Göyçayda yerləşən 17 saylı Şuşa məktəbinin direktoru Məzahir Hüseynov isə bildirir ki, təhsil şöbəsi məcburi köçkün övladlarının təhsili üçün çox çalışır:

“Şuşa Rayon Təhsil şöbəsi yeni tədbirlər planı hazırlayaraq məktəblərə göndərib. Buna əsasən, hər ay bir fənn üzrə aylıq keçirilir. Əsas məqsəd isə dərslərin keçirilməsində kompüter texnologiyalarından istifadə etməkdir. Bunlar Şuşa məktəblərinin inkişafına xidmət edir”.

Məzahir müəllimin sözlərinə görə, məktəb yeni tikilməsə də, təmir və təchizatı yerindədir. Orta təhsil müəssisəsi Göyçay  rayon 9 saylı məktəblə eyni binada növbələşərək, fəaliyyət göstərir:

“Saat 2-ə işləmiş 9 nömrəli məktəbdə dərslər bitir. Saat 1-də isə bizeyni binada fəaliyyətə başlayırıq.

Hazırda köçkünlər üçün yeni qəsəbə salınır. Orada bizim üçün məktəb də nəzərdə tutulub. Qismət olsa, 1-2 ilə yeni məktəbə köçəcəyik”.

“Tam orta məktəb kimi fəaliyyət göstərməyə ehtiyacımız var”

Şuşa rayon 17 saylı məktəb doqquzillikdir. Direktor deyir ki, buna baxmayaraq, burada IX sinfi bitirib təhsilini davam etdirənlər də az deyil:

“2 il əvvəl bu məktəbin IX sinfini bitirənlər bu il ali məktəbə qəbul olublar. Sadəcə X-XI sinfi başqa məktəblərdə davam etdirdiklərinə görə, onu bizim adımıza saymırlar. Buranı bitirib başqa məktəblərdən fərqlənmə ilə məzun olanlar var.

Məktəbimiz şəhərdə yerləşdiyinə görə, doqquzillik təhsil şagirdlərə hər hansı çətinlik yaratmır. Onlar X-XI sinfiyaxınlıqdakı Göyçay məktəblərində oxuyurlar. Əvvəl bura tam orta məktəb idi. Sonra uşaqların sayı azaldı. X sinifdə 2 şagird vardı. Həmin sinfi bağlayıb məktəbi doqquzillik etdilər. Bu gün də tam orta məktəb kimi fəaliyyət göstərməyə ehtiyacımız var.  Çünki IX sinfi bitirən əksər şagird həvəsdən düşür və təhsilini davam etdirmək istəmir”.

MİQ imtahanları ilə məcburi köçkün məktəbinə qəbul olunan müəllimlərə gəlincə isə direktor bildirir ki, yeni kadrlar savadlıdırlar. Amma...

“Təəssüf ki, köçkün məktəbi müəllimlər üçün müvəqqətidir”

“Təcrübələri azdır və pedaqoji ustalıqları yoxdur. Auditoriyanı ələ almaqda çətinlik çəkirlər.

Bu il məktəbə MİQ imtahanları vasitəsilə 2 Azərbaycan dili və ədəbiyyat müəllimi 50 balla, İnformatika müəllimi isə 48 bal toplayaraq, gəlib.

Problem odur ki, həmin müəllimlər burada qalmaq istəmirlər. Gəlib işləyib, yerdəyişmə edir, çıxıb gedirlər. Köçkün məktəbi oduğuna görə, buradan uzaqlaşmaq istəyirlər.

Son 3 ildə İngilis dili və Ədəbiyyat müəlliminə ehtiyac çox olub. Bakıdan 2 müəllim gəlib. Onlar da 1 il işləyib yerdəyişmə ediblər. Yenidən 2 müəllim gəlsə də, onlar daburada çox qalmadılar. Keçən ildən  bu məktəbə Göyçaydan kadrlar gəlməyə başlayıb. Onlar MİQ imtahanı verir, ərazi yaxın olduğuna görə elə buranı seçirlər. Bəziləri ilə söhbətlər aparıram. Hiss edirəm ki, onların da ürəyindən yerdəyişmə keçir. Bəlkə də bu, şagird azlığına görədir. Həm də məcburi köçkün məktəbi olduğuna görə müəllimlər burada işə davam etməkdən qorxurlar. Deyirlər ki, köçkün məktəbidir. Birdən sabah köçüb gedərlər, ya da məktəb bağlanar. Özlərini burada daimi hiss etmirlər. Təəssüf ki, köçkün məktəbi onlar üçün müvəqqətidir”.

Məzahir müəllim məcburi köçkün məktəbində direktor olmağın çətinliklərini də dilə gətirib:

“Şuşada adla tanınan qonşu məktəblər vardı. İndi hərəsi bir tərəfdə yerləşir. Təsəvvür edin, Təhsil Şöbəsi Bakıda, məktəb Göyçayda, Regional Təhsil İdarəsi isə Sumqayıtda yerləşir. Mümkünsüz də olsa, istərdim ki, onlar yaxın ərazilərə köçürülsün. İndi yaxşıdır, Bakıya ayda bir dəfəgetməli oluram. Amma sentyabrda dərslər başlananda demək olar hər həftə rayondan çıxmalıyam”.

“Məcburi köçkün məktəbi məzunlarının Göyçayda izi var”

Şuşa rayon 17 nömrəli məktəbin tarix müəllimi Səməd Həsənov da dövlətin məcburi köçkün məktəbləri ilə bağlı siyasətini dəstəkləyir.Deyir ki, Şuşa məktəblərində  xeyli irəliləyiş hiss olunur:

“Bu Şuşa məktəbinin uğurlu məzunları var. Nəticələri yüksəkdir. Doqquzillik olsa da, heç kim təhsildən yayınmır. Məzunlarımız adətən, Göyçay Dövlət idarəetmə kollecinə qəbul olurlar. Yaxın ərazidə yerləşdiyinə görə, elə orada oxumağa üstünlük verirlər. Əksər məzunlarımız  hərbi məktəblərdə oxuyur. Avropa çempionatında II yeri tutan, dəfələrlə Respublika Çempionu olan Laçın Vəliyev bizim məktəbin yetirməsidir”.

“Əmindirlər ki, burada müvəqqətidirlər və Şuşa bir gün qayıdacaq”

45 ildir Şuşa məktəblərində müəllim işləyən, 2 ali məktəb bitirən Səməd Hüseynov bildirir ki, məcburi köçkün məktəbində oxuyan şagird düşüncəsinə görə, digərlərindən çox fərqlənir:

“Bu şagirdlər daha vətənpərvərdirlər. Onlar bir həsrətlə böyüyürlər. Əmindirlər ki, burada müvəqqətidirlər və Şuşa bir gün qayıdacaq. Rayonun ictimai həyatında ən aktiv inkişaf edən də elə məcburi köçkün məktəblərinin uşaqalarıdır.

Amma bir problem var...

Burada yalnız köçkün ailələrin uşaqlar təhsil ala bilər. Halbuki,bəzi köçkün olmayan  valideynlər də övladlarının burada oxumasını istəyirlər. Bizsə onları qəbul edə bilmirik. Belə şey olar? Məktəb məktəbdir. İcazə verin, digərləri də gəlib Şuşa məktəbini, oradakı nisgilianlasınlar. Bir körpü yaransın.

Bu məktəbdən şagirdlərin 80-90 faizi ali məktəbə qəbul olunub. İstənilən sahəni araşdırın, məcburi köçkün məktəbi məzunlarının Göyçayda izi var”.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox