Azedu.az

Şəhid müəllim Famil Əhmədzadə - müəllimliklə şəhidliyi birləşdirən ömür 

Maraqlı

Müəllimlər və elm adamları

13 Oktyabr 2025, 14:42
Şəhid müəllim Famil Əhmədzadə - müəllimliklə şəhidliyi birləşdirən ömür 

Şəhid müəllim Famil Əhmədzadənin şəhidlik zirvəsinə ucalmasından 5 il ötür

AzEdu.az xatırladır ki, Azərbaycan müəllimliyinin fədakarlıq və vətənpərvərlik simvoluna çevrilən şəhid Famil Əhmədzadə öz həyatı və şəhadəti ilə bu peşənin mənəvi dəyərlərini daha da ucaltdı. O, sübut etdi ki, müəllimin ən böyük dərsi sözlə deyil, şəxsi nümunə ilə verilir - və həmin nümunə şəhidliklə tamamlandı.

Famil Ağaəhməd oğlu Əhmədzadə 23 sentyabr 1975-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. Uşaqlıq illərini İsmayıllıda keçirən Famil 1982-ci ildə İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinə daxil olub və 1992-ci ildə oranı əla qiymətlərlə bitirib.

O, elə həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna (indiki Dövlət İdarəçilik Akademiyası) qəbul olunub, 1997-ci ildə Politologiya ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olub və leytenant rütbəsi alıb.

Təhsilini başa vurduqdan sonra doğma məktəbində – İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlayan Famil Əhmədzadə qısa müddətdə həm şagirdlərinin, həm də həmkarlarının hörmətini qazanıb. 1999-cu ildə hərbi xidmətə yollanıb, 2000-ci ildə baş leytenant kimi tərxis olunub və yenidən müəllimlik fəaliyyətini davam etdirib.

2020-ci il 27 sentyabrda Vətən müharibəsi başlayanda Famil Əhmədzadə tərəddüd etmədən könüllü şəkildə cəbhəyə yollanıb. Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib və oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub.

Famil Əhmədzadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir neçə medalla təltif olunub:

- “Vətən uğrunda” (15 dekabr 2020)

- “Döyüşdə fərqlənməyə görə” (18 dekabr 2020)

- “Suqovuşanın azad olunmasına görə” (24 iyun 2021)

Müəllimlik missiyasını şəhidlik zirvəsində tamamlayan Famil Əhmədzadə, həm müəllim, həm zabit, həm də vətənpərvər bir azərbaycanlı kimi yaddaşlarda əbədi qalacaq.

 

169965169966

 

Putin Paşinyanla mübahisə etdi - Xəbəriniz Var?
Son xəbərlərDaha çox