Hindistanın Qərbi Benqal əyalətinin Kolkota şəhərində yerləşən Salt Lake (Banabitan) bölgəsində alimlər tərəfindən yeni arı növü aşkarlanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu arı növünə Nesolynx banabitanae adı verilib. Yeni növ, bioloji müxtəlifliyin qorunması və ekosistem tarazlığının öyrənilməsi baxımından mühüm elmi tapıntı hesab olunur.
Tədqiqatçılar bildiriblər ki, Nesolynx banabitanae hiperparazitoid arılar sinfinə daxildir. Yəni o, digər parazitoid arıların parazitlərinə təsir göstərərək, onların fəaliyyətini məhdudlaşdırır. Bu xüsusiyyət sayəsində növün ekosistemdə tarazlığın qorunmasında rol oynadığı qeyd olunur.
Elm adamları həmçinin vurğulayıblar ki, belə tapıntılar tropik iqlimə malik regionlarda entomoloji müxtəlifliyin hələ tam öyrənilmədiyini göstərir. Banabitan parkında aparılan tədqiqat, şəhər ekosistemlərində belə yeni canlı növlərinin kəşf edilə biləcəyini sübut edib.
Alimlərin fikrincə, bu kimi araşdırmalar təkcə Hindistan üçün deyil, bütün region üçün ətraf mühitin qorunması və biomüxtəliflik siyasətinə töhfə verəcək.