AzEdu.az “5+1” rubrikasını davam etdirir. Rubrika əsnasında, portal əməkdaşlarının hər biri aktual saydıqları təhsil mövzulu suallarını müsahibə ünvanlayırlar.
Redaksiyanın təhsil məsələləri üzrə çalışan 5 əməkdaşı onları narahat edən sualları hər dəfə altıncı şəxsə-müsahibə ünvanlayırlar... Yəni, 5+1 formatında qısa söhbət...
Rubrikamızın növbəti qonağı yazıçı, ssenarist, telejurnalist Orxan Fikrətoğludur.
Mayıl Ağaxanov: “Milli Məclisdə müzakirə olunan yeni təhsil haqqında qanun layihəsi Azərbaycan təhsilinə nə kimi yeniliklər gətirəcək?”
-Azərbaycan təhsilinə yeniliklər gətirmək üçün qərarlardan öncə mütəxəssislərin yetişməsinə şərait yaradılmalıdır. Alimlərin maaşı qalxmalı, həqiqi elm adamlarına dəyər verilməlidir. “Beyin axını” zamanı Azərbaycandan gedən mütəxəssislər ölkəyə dəvət olunmalıdır. Yalançı alimlər isə attestasiyadan yenidən keçməlidir. Müxtəlif yollarla alimlik dərəcəsi qazananları da hamı bilir. Elmə xidmət edən adamlara dəyər verilsə, işlə təmin olunsalar xeyli irəli düşə bilərik. Fikrimcə, bu sahədə iş təkmilləşməlidir”.
Elmin Nuri: “Bir neçə ildir, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Mətbuat tarixi və publisistika şöbəsi fəaliyyət göstərir. Onun fəaliyyəti Azərbaycan mətbuatında nə dərəcədə hiss olunur? Bununla bağlı nə kimi təkliflər verə bilərsiniz?”
-Təklif edirəm ki, bir az öz təbliğatı ilə məşğul olsunlar. Yəni, Azərbaycan mətbuatında peşəkar jurnalistika ilə məşğul olanlar bilsinlər ki, belə bir qurum var. Azərbaycan mətbuatının dili ilə bağlı bir çox problemlər var. Xüsusilə, son dönəmlərdə çap olunan lüğətlərlə tanış olub, dəhşətə gəldim. Lüğətdə “eynək” , “eynəvari”, “eynəkcüt” və s. kimi belə qəribə sözlər var idi. Onu da qeyd edim ki, bu şöbənin adını ilk dəfə eşitdim”.
Nəzrin Rüstəmova: “Jurnalistikaya qabiliyyət imtahanının tətbiqi 200 bal toplayan abituriyentlərin də bu fakültəyə daxil olmasına şərait yaratdı. Yalnız jurnalistikanı istəyərək seçənlər yox, aşağı bal toplayanlar da "havada qalmamaq" üçün buranı seçdilər. Sizcə, qəbul ballarının aşağı olması yetişən yeni nəsil jurnalistlərdə özünü hansı mənfiliklərlə göstərəcək?”
-Bu yaxınlarda tədbirdə bu haqda çıxış etmişdim. Fikrimcə, sovetlər dönəminin bəzi qaydalarını müasir Azərbaycana tətbiq etmək lazımdır. Ümumiyyətlə, hər bir universitetə icazə vermək olmaz ki, jurnalist yetişdirsin. Jurnalistikaya təsadüfi adamlar da gəlir. Gələcəkdə siyasətçi olmaq istəyənlər də jurnalistikaya tanınmağa görə gəlirlər. Təbii ki, bu kimi hallar aradan qaldırılmalıdır. Jurnalistika dördüncü hakimiyyət olduğunu cəmiyyətə təsdiq edə bilərsə çox xeyir verə bilər.
Günel Yaşarqızı:“Dərsliklərdə tez-tez səhvlərə rast gəlirik. Xüsusilə də ibtidai sinfə aid dərs kitablarında ciddi nöqsanlar var. Sizcə, buna səbəb nədir: nəzarətmi zəifdir yoxsa, mütəxəssismi çatışmır?”
- Dərslik kitablarını yazacaq yüksək ixtisaslı mütəxəssislərə, alimlərə ehtiyac duyulur. Bu gün dərsliklərin bir çoxu keçmiş sovet ölkələrində çap olunan kitabların plagiatıdır. Dərsliklərimizi Azərbaycançılıq ideologiyası ilə uyğunlaşdırmaq, keçmiş böyük tariximizi oturtmaq lazımdır. Tarix kitablarımız xüsusilə işlənməlidir. Düzdür, Tarix kitablarında bu coğrafiyada Manna, Midiya, Atropatena olduğu göstərilir. Ədəbiyyat tariximizi düzgün gündəmə çıxara bilsək, tariximiz də özü-özündən doğacaq.
Lamiyə Süleymanlı: “Sizcə, media qurumları təhsil proseslərini işıqlandırarkən hansı boşluqları buraxır, hansı yanlışlara yol verirlər?”
-Təhsil sahəsi mətbuata çox açıqdır. Çünki, Cəsarət Valehov işini düzgün qurub. Ümumiyyətlə, Təhsil Nazirliyi də cəmiyyətə çox açıqdır . Hər ikisinin açıqlamaları daim mətbuatın diqqət mərkəzindədir. Təhsil sistemi demokratik bir mühitdir. Təbii ki, birlikdə xeyli işlər görülməlidir. Bu sahədə boşluq olsa da, azdır.
Jurnalist bir xəbər əldə etdiyi zaman üç mənbədən dəqiqləşdirməlidir. Bir çox hallarda media qurumları xəbəri dəqiqləşdirmədən, təsnifata salmadan işıqlandırırlar və ya gündəmə gətirirlər. Bəzi mətbuat xidmətlərinin rəhbərləri öz işlərini düzgün qurmur. Amma təhsil sistemi mediaya açıq olduğundan bu sahədə boşluq, problem azdır.