Bu gün bir çox ailədə valideynlər övladlarına sözünü keçirə bilmir. Həm şəxsi həyat, həm də təhsil məsələlərində uşaqlar valideynlərinin tövsiyə və göstərişlərinə əməl etmirlər. Nəticədə, bu, uşaq və valideyn arasında bir uçurumun yaranmasına səbəb olur. Əvvəlki nəsillə müqayisədə, bu gün uşaqların davranışlarında əhəmiyyətli fərqliliklər müşahidə olunur.
Maraqlıdır, bu vəziyyətin əsas səbəbi texnologiyanın təsiri, yoxsa valideynlərin öz yanaşmalarında etdiyi səhvlərdir?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucova qeyd edib ki, valideyn-uşaq münasibətlərinin pozulmasında səbəblərdən biri bəzi məktəblərin zəif təhsil sistemidir:
“Anaların övladlarına yetəri qədər diqqət, qayğı və sevgi göstərməməsi uşaqların bu cür formalaşmasına gətirib çıxarıb. Valideynlər övladlarına diqqət və qayğını onların hər istəyini yerinə yetirmək, gəzməyə aparmaq kimi başa düşürlər. Ancaq unudulan bir məqam var ki, diqqət və qayğı sözlə ifadə olunan bir prosesdir. Hər bir valideyn övladına nəvazişlə yanaşmalı, onun maraqlarını, dostlarının kim olduğunu və nələri izləməkdən zövq aldığını öyrənməlidir”.
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanda valideynlər və övladları arasında ali məktəbə qəbul mövzusunda yarış marafonu yaranır:
"Lakin bir çox valideyn anlamır ki, ali məktəbə qəbul olmaq övladınızın gələcəkdə böyük vəzifə sahibi olacağı anlamına gəlmir. Ali təhsili olmayan, lakin uğurlu bir iş qurmuş insanlar da var. Valideynlər isə bunu bəzən dərk etmirlər".
Psixoloq əlavə edib ki, bugünkü orta məktəbin zəif təhsil sistemi də valideyn-uşaq münasibətlərinin pozulmasına səbəb olur:
"İnkişaf etmiş ölkələrin dərs metodlarına nəzər salsaq, görərik ki, bizim ibtidai sinif proqramları onlarda 5-6-cı siniflərdə keçirilir. Avropada isə uşaqlara əvvəlcə məktəbi sevdirməyə, onları əyləndirməyə üstünlük verirlər. Bizdə isə ilk gündən dərs yüklərinin ağırlığı uşaqları sıxır. Daha sonra fərqli test vəsaitlərindən istifadə edilməyə məcbur edilir və valideynlər övladlarından ali məktəbə qəbul olmağı tələb edirlər. Bu da valideyn-uşaq münasibətlərinin gərginləşməsinə səbəb olur”.
Son olaraq psixoloq valideynlərə bir neçə tövsiyə verib:
"Sevgi, diqqət və qayğı söz və toxunuşla ifadə olunur. Övladınızı qucaqlayın və ona: ‘Sən mənim üçün çox dəyərli və əzizsən’,- deyin. Övladınızı özünüz ola bilmədiyiniz bir şəxs kimi yetişdirməyə çalışmayın."