Bəzən müəllimlər şagirdlərdə oxumağa həvəsin olmaması problemi ilə üzləşir. Şagirdlərin bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən ümumiyyətlə olmur.
Bəs, müəllimlər bu zaman nə etməli, uşaqları oxumağa necə həvəsləndirməlidir?
AzEdu.az-a açıqlaması zamanı təlimçi müəllim Bəhmən Məmmədov bildirib ki, şagirdlərdə dərsə maraq oyatmaq üçün ilk növbədə maraq anlayışının özünə diqqət etmək lazımdır.
“Bu gün Yer kürəsində ən uzun ömürlü millət yaponlar hesab edilir. Çünki o insanlarda hər şeyə qarşı maraq hissi var. Onlar sadə, ən cüzi şeyə belə maraq göstərirlər. Bizim şagirdləri aparıb, onlara məsələn, Misir piramidaları göstərsək, avtobusdan düşüb “elə bu?!” sualını verər.
Bu gün Kimya, Fizika, Biologiya kitablarının səhifələri qalınlaşıb. Uşaq 11 il ancaq Fizika mətnləri oxusa, yalnız nəzəri fizika bilgilərinə sahib ola bilər. Şagirdin bütün mövzuları mükəmməl dərəcədə bilməyə ehtiyac yoxdur.
Allah belə şagird yaratmayıb, bundan sonra da yaradacağını düşünmürəm. Sadəcə, şagirdlər maraq dairəsinə görə hazırlanmalıdır.
Televiziya kanallarını çevirdikdə hansı bizə cazibəli, maraq dairəmizə uyğun olursa, onu da seyr edirik. Ona görə də müəllim bir televizor olmalıdır. O həm də aktyor olmalı baxılan, sevilə bilən “veriliş” hazırlamalıdır. Biz hamımız orta məktəb məzunlarıyıq. Həm Kimya, Biologiya, Fizika dərslərini keçmişik.
Bu gün ki, gündə keçdiklərimizdən yadımızda heç nə qalmayıb. O zaman 11 ilimizi niyə israf etdik? Qısası şagirdə balıq tutmağı öyrətməliyik. Çünki balıq verməyin vaxtı çoxdan keçib.
Təlimçi müəllimin sözlərinə görə müəllim ən çətin anlayışı sadə şəkildə şagirdə təqdim etməli, öz dərsini ona bu yolla sevdirməlidir:
“Şagirdlərdə yaradıcılıq qabiliyyətini ciddi şəkildə inkişaf etdirmək lazımdır. Bunun da yollarını biz müəllimlər araşdırmalıyıq. Müəllimlərin müəyyən metodlardan istifadəsi, klassik anlayışdan çıxması yeni bir müəllimlik anlayışına keçməsi lazımdır. Ona görə də Təhsil Nazirliyi sertifikasiya imtahanı keçirməyə çalışır. Sertifikasiyanın da mahiyyəti müəllimin bacarığını kəşf etməkdir. Müəllim ən çətin anlayışı düsturu, anlayışı 6yaşında olan şagirdə asanlaşdırıb təqdim edə bilmirsə, o cür bilik bizə lazım deyil. Qısası, mövzuları müəllim asanlaşdıraraq şagirdlərə çatdırmalıdır. Əyanilik ön planda olmalı, şagird elmə əli ilə toxunmalıdır. Amerikadakı kitablara nəzər salsaq, görərik ki, oradakı 11-ci sinif kitabı bəlkə bizim 7-ci, 8-ci sinif kitabların səviyyəsindədir. Niyə məhz onlar istər elm, istər digər sahələr də inkişaf ediblər? Demək ki, əsas olaraq yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir. Çox şeyi bilmək önəmli deyil. Elə şərait yaratmaq lazımdır ki, şagird sevərək məktəbə gəlsin. O, sinfini, müəllimini, dərslərini sevməlidir. Əgər şagird üzündə təbəssüm olmayan müəllim, mühit görərsə nəinki şagird heç kim o mühitə getmək istəməz. Ona görə məktəblərimizi sevgi mühiti, mənbəyi olan tədris müəssisəsi halına gətirməliyik”.