AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
20 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür.
20 sentyabr “Əsrin müqaviləsi” imzalanıb:
1994-cü ilin bu günündə Bakıda “Gülüstan” sarayında dünyanın 11 ən iri neft şirkəti ilə “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında saziş imzalanıb. Həmin saziş tarixə “Əsrin müqaviləsi” adı ilə daxil olub. Ulu öndər Heydər Əliyevin 2001-ci il 16 avqust il tarixli Fərmanı ilə sazişin imzalandığı gün ölkəmizdə neft sənayesi işçilərinin peşə bayramı elan edilib.
20 sentyabr 2013-cü ildə Bakının Qaradağ rayonunda Prezident İlham Əliyevin iştirakı ilə gəmiqayırma zavodunun açılış mərasimi olub.
20 sentyabr 1918-ci ildə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfov (1918-1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.