Azedu.az

Nəsiman müəllimdən xatirələr: 2 ay sonra birlikdə kitab çap edəcəkdik…

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

26 Avqust 2024, 16:54
Nəsiman müəllimdən xatirələr: 2 ay sonra birlikdə kitab çap edəcəkdik…

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu vəfat edib.

 

Nəsiman müəllim uzun illər Azərbaycan Xalq Cümhuriyyəti tarixi və qurucuları barədə tədqiqatlarla məşğul olub.

 

Həmkarı Samir Mirzəyev Nəsiman müəllimin əziz xatirəsini yad etmək üçün onunla bağlı xatirələrini AzEdu.az-la bölüşüb.

 

“Nəsiman müəllim nəinki, kafedranın, eləcə də fakültənin sütunlarından biri idi…

 

O, mənim bir vaxtlar həm müəllimin, həm də iş yoldaşım olub. Milli mətbuat tarixi kafedrasında bir yerdə dərs demişik. Nəsiman müəllim ciddi, tələbkar, bacardığını maksimum dərəcədə tələbəyə çatdıran şəxs idi. O, təkcə dərs keçməklə kifayətlənməyib, keçdiyi dərsin tələbələr tərəfindən mənimsənilməsinə dəstək olurdu.

 

Tələbələri Nəsiman müəllimi xoş xatirələrlə yad edirlər…

 

Nəsiman müəllimin tələbkarlığının arxasında həm də mehribanlıq və ata nəvazişi dururdu. Tələbələr onu görəndə istər-istəməz çəkinirdilər, amma bir o qədər də onu çox istəyirdilər.

 

O, çox həyatcanlı idi… Nəsiman müəllimin portfelində nə qədər yarımçıq işlər getdi…

 

Təxminən 2 ay sonra onunla birlikdə kitab çap edəcəkdik…

 

Məhsuldar müəllim idi. İl ərzində 2-3 bəzən 4 elmi əsər ortaya qoyurdu. Mən həmişə onun kitablarını redaktə edirdim. Son yazılarını mənə göndərmişdi ki, redaktə edim. Təəssüf ki, o iş də yarımçıq qaldı…

 

Nəsiman müəllim zəhmətkeş idi. Baxırdın ki, Türkiyədəki arxivlərdən şəkil paylaşıb, bir baxırdın ki, Polşadan, Almaniyadan səsi gəlir.

 

Onun ölümü Azərbaycan mətbuatı üçün böyük itkidir. Uzun müddət lazımdır ki, onun kimi alimlər dünyaya gəlsin.

 

İki gün əvvəl Nəsiman müəllimlə əlaqə saxlamışdım. Ondan Almaniyada çıxan İstiqlal qəzetinin originalını istəmişdim. O materialları 2 gündür elektron poçtuma göndərib. Açıb baxmağa ürəyim gəlmir…"

 

 

 

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox