“Pedaqoji ixtisaslara qəbul olanların hamısı məktəblərdə işləməli deyillər”
AzEdu.az xəbər verir ki, bu sözləri təhsil eksperti Ramin Nurəliyev bildirib.
“Bu il 50 264 namizəd müəllimlərin işə qəbulu imtahanında iştirak edib. Onlardan 5740 nəfəri uğur qazanaraq, müsahibə mərhələsinə buraxılıb. Ümumi təhsil müəssisələrində isə müəllimlər üçün 10500 vakant yer ayrılıb. Rəqəmlərdən də aydın olduğu kimi az nəfərin çox yer uğrunda müsahibə verdiyini görürük. Aydındır ki, paytaxt məktəblərinə qəbul üçün müsahibə mərhələsi çətin olur. Bakıya qəbul üçün yüksək ballılar keçir, aşağı ballılar isə kəsilir.
Xarici təcrübəyə baxsaq görərik ki, müsahibə mərhələsinə çox vakant verilir, amma vakant yerləri daha az olur. Yalnız müsahibədən yüksək bal toplayanlar həmin yerlərə qəbul olunur. Kapitalizm rejimli ölkə olduğumuz üçün bizdə də həmin təcrübə tətbiq olunur”.
Müsahibimiz qeyd edib ki, universitetlərdə pedaqoji ixtisaslara çox yer verilməsi müsbət addımdır:
“Pedaqoji ixtisaslara qəbul olanların hamısı məktəblərdə işləməli deyillər. Müəllimliyi bitirmiş məzunların hər birinin dövlət məktəbində işləməsi kimi bir qayda yoxdur. Təbii ki, məzunların içərisində universiteti yüksək qiymətlərlə bitirən, MİQ-ə yaxşı hazırlaşan və müsahibədən müsbət nəticə əldə edənlər müsabiqəyə buraxılacaq. MİQ üzrə vakant yerlərə ən yaxşılar qəbul olur.
Eyni vəziyyət maliyyə, mühasibat ixtisaslarına da aiddir. Universitetlər bu ixtisaslar üzrə çox vakant yeri ayırır, çox məzun buraxılır. Amma dövlət və özəl sektorlara ən yaxşılar qəbul olunur”.
Tövsiyə edirəm ki, tələbələr universiteti daha mükəmməl nəticələrlə bitirsinlər. Bu nəticələr əsasında həmin vakansiyalara qəbul proqramından müsbət nəticə alanlar işlə təmin olunsun. Bu tarazlıq qorunduğu təqdirdə məzunlarda da məsuliyyət artacaq. Bu bir mübarizədir. Müsbət nəticə alanlar işlə təmin olunur, almayanlar isə səy göstərib növbəti illərdə qəbul ola bilərlər”.