Azedu.az

Psixoloq: Övladınız “yarış atı” deyil…

Maraqlı

Reportaj

21 Avqust 2024, 09:36
Psixoloq: Övladınız “yarış atı” deyil…

“Universitetə qəbul olmaq günümüzdə bütün həyat boyunca qazanıla biləcək tək uğur kimi qiymətləndirilir”

 

AzEdu.az xəbər verir ki, bu sözləri psixoloq Nizami Orucov müsahibəsində bildirib.

 

“Təhsil, savad önəmlidir. Amma həyat bundan ibarət deyil. Çox zaman abituriyentlər, valideynləri tərəfindən təkcə tapşırıqları olan, tək problemi onları həll etmək olan fərd kimi görülür. Amma bir abituriyentin yaşını, olduğu mövcud psixoloji vəziyyətini, ailə mühitini də nəzərə alsaq, həmyaşıdları ilə özünümüqayisəsini də əlavə etsək, imtahan ilinin təkcə dərslərdən ibarət olmadığını anlamış olarıq.

 

Valideynlər bu dönəmdə uşaqlarına dəstək olmağa çalışmalıdırlar. Özünü necə hiss etməsi, gələcəklə bağlı planları necədir və.s kimi mövzularla bağlı uşaqlarının fikrini öyrənməyə çalışmalıdırlar. Ancaq bu şəkildə övladlarının nə hiss etdiyini, o an nəyə ehtiyacı olduğunu bilə bilərlər. Eyni zamanda ata – analar öz seçimlərini övladlarına təlqin etmək yerinə, övladlarının nə istədiyinə önəm verməlidirlər. Valideynlər qəbul olsa da, olmasa da, şərtsiz şəkildə övladlarını hər zaman sevəcəklərini, qərarı hər nə olursa, olsun ona dəstək olacaqlarını hiss etdirməlidirlər. Uşaqda şərtli sevgi, hörmət hissini yaratmaq, onun gələcəyinə birbaşa mənfi təsir edər.

 

Diqqət etsək, görərik ki, uşaqlarda özünümüqayisə, qəbul ola bilmərəm kimi qorxular şərtli mühitlərdə, daim uşağı başqa həmyaşıdlarla müqayisə edən valideynlərlə böyümüş uşaqlarda görülür. Ata və analar övladlarının unikal olduğunu, nə olur olsun, ona dəstək olacaqlarını, övladlarını sadəcə özü olduğu üçün, sevdiklərini və sevəcəklərini hiss etdirməlidirlər.

 

Əziz valideynlər, unutmayın ki, uşağınız “yarış atı” deyil. İndinin və gələcəyin fərdi və şəxsiyyətidir. Buna görə övladınıza yanaşmağa çalışın”.

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox