Azedu.az

ABŞ-də təhsil alacaq Vətən müharibəsi iştirakçısı: Bir an düşündüm ki, bu SONdur...  

20 Avqust 2024, 12:51
ABŞ-də təhsil alacaq Vətən müharibəsi iştirakçısı: Bir an düşündüm ki, bu SONdur...  

İkinci Vətən müharibəsi iştirakçısı Dövlət Proqramı ilə xaricdə nüfuzlu ali təhsil müəssisəsinə daxil olub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetin (AzTU) bakalavr tələbəsi, İkinci Qarabağ müharibəsi iştirakçısı Hüseynov Habil “Maryland of university” universitetinin maşın mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaq.

 

Dövlət Proqramı qalibini daha yaxından tanımaq üçün onunla həmsöhbət olduq.

 

Müsahibəni təqdim edirik.

 

-Habil bəy, sizi təbrik edirik, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. İstəyərdik ki, özünüz haqqında daha ətraflı məlumat verəsiniz.

 

-Mən, Hüseynov Habil 1998-ci ildə Bakı şəhərində anadan olmuşam. İlyas Əfəndiyev adına Elitar gimzaniyada təhsil aldıqdan sonra 2016-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) mexanika mühəndisliyi ixtisasına qəbul oldum. Universiteti bitirdikdən sonra (2020-ci ildə) həqiqi hərbi xidmətə yollandım. Xidmət müddətim İkinci Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün döyüşlərdə iştirak etmişəm. Döyüşlərdə “Şuşanın işğaldan azad edilməsi”, “Xocavəndin işğaldan azad edilməsi”, “Füzulinin işğaldan azad edilməsi” və “Vətən müharibəsi iştirakçısı” medalı və ordenləri ilə təltif edilmişəm. Müharibə bitdikdən sonra 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında II ordu korpusunun tərkibində olmuşam. 2021-ci ilin iyul ayında həqiqi hərbi xidməti bitirdikdən iki ay sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji resursları Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı Beynəlxalq Ticarət Dəniz Limanında gömrük inspektoru kimi fəaliyyətə başladım. Hazırda gömrük xidməti leytantıyam. Bu il Dövlət Proqramı ilə ABŞ-nin “Maryland of university” universitetində maşın mühəndisliyi üzrə magistraturaya daxil olmuşam.

 

­-Çox gözəl, sizi tanıdığımıza şad olduq. Qeyd etdiniz ki, Vətən müharibəsi iştirakçısı olmusunuz. Döyüşlərdə görüb, yaşadıqlarınız arasında xatirinizdə qalanları bizimlə bölüşə bilərsiniz?

 

-Müharibənin başladığı günü heç vaxt unuda bilmərəm. O an keçirdiyim həyəcan, eləcə də məsuliyyət hissi bir-birinə qarışmışdı. İrəli getdikdə əsgər yoldaşlarımızın nəşini görmək istər-istəməz insana psixoloji təsir göstərirdi. Amma buna rəğmən irəli gedirdik, ümidimizi itirmirdik. Baxmayaraq ki, şəhidlərimiz oldu, amma şükürlər olsun ki, müharibə ən gözəl şəkildə- ZƏFƏRlə bitdi.

 

Ümumiyyətlə döyüşdə daim qabağa getdikcə, dəstək gördükcə insanın cəsarət hissi daha da artır. Yəqin videolarda da görmüş olarsınız, ölkənin müxtəlif ərazilərindən hər kəs geyim, qida və b. vasitələrlə bizə dəstək olurdu. Onları gördükcə, adam fikirləşir ki, “Bu cür milləti necə pis vəziyyətdə qoya bilərəm?” Onlar üçün irəli atılmalıyam.

 

-Elə an olub ki, düşünəsiniz ki, artıq SON-dur?

 

-Bəli, noyabrın 1-i gecə Topxana meşəsi ilə Şuşaya yollanırdıq. Gecə 2-3-də hiss etdik ki, mühasirədəyik. Həmin yerdə mən ürəyimin sol üst hissəsindən qəlpə yarası aldım. Bir an düşündüm ki, artıq bu SONdur...

 

Amma bir müddət sonra dəstək gəldi və biz mühasirədən çıxdıq. 

 

-Bəs, necə oldu ki, bir anda xaricdə təhsil almağa qərar verdiniz?

 

- Dövlət Gömrük Komitəsinin başlatdığı Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) layihəsində işləyə biləcək mütəxəssisin Azərbaycanda çox az olduğunun fərqinə vardım. Buna görə də xarici mütəxəssislərə ehtiyac duyulurdu. Düşündüm ki, yetərincə biliyə malikəm. Buna görə də Dövlət Proqramına müraciət etdim. Məhz xaricdə təhsil almaq istəməyimin səbəbi də budur. Vətənə qayıtdıqdan sonra oxuduğum sahə üzrə işləməyi düşünürəm.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox