Artıq ixtisas seçimləri başa çatır. Buna baxmayaraq gənclərin bir çoxu hansı peşəyə daha çox tələbat olduğu, hansı ixtisasların prestijli olduğu barədə məlumatsızdırlar.
Bəs, görəsən, bu günün tələblərinə cavab verən ixtisaslar hansılardır?
Mövzu ilə əlaqədar təhsil mütəxəssisi Elçin Süleymanov AzEdu.az-a açıqlama verib.
“İxtisas seçimi abituriyentlər üçün ən vacib mərhələlərdən biridir. Adi bir səhv onların gələcəklərinə mənfi təsir göstərir. Dolayısı ilə burada mütləq gələcəyin perspektiv ixtisasları, iş imkanları çox olan sahələrin seçilməsi əhəmiyyətlidir.
Son illərdə texniki, texnoloji istiqamətli ixtisaslara böyük tələbat var. Mühəndislik, iqtisadiyyatın sahələri, süni intellekt, data analtikası və s. sahələr gələcək üçün perspektivlidir. Ümumiyyətlə ixtisaslar arasında da get-gedə güclü rəqabət formalaşır. Ona görə də bəzən onlar arasında müxtəlif inteqrasiyalar olur. Məsələn, maliyyə mühəndisliyi, İT-iqtisadiyyatı sahələri birlikdə daha populyarlıq qazanır.
Dünya İqtisadi Forumu gələcəyin ixtisasları hesabatında qeyd edilir ki, yaxın illərdə analtik düşüncə qabiliyyətini inkişaf etdirən, kritik düşüncə, kollektivlə işləmə bacarığı olan ixtisaslara tələblər artacaq. Burada ixtisaslarla yanaşı müxtəlif qabiliyyətlər önə çıxacaq. Buraya, həmçinin, böhranı idarəetmə, kriz menecmenti istiqamətli bacarıqlar da aiddir.
Abituriyentlərə tövsiyə edirəm ki, hansı ixtisas onların qabiliyyətinə uyğundursa, onu seçsinlər. Daha sonra o ixtisası harada yaxşı öyrənə bilərlərsə, o təhsil müəssisəsinə üz tutsunlar. Elə ixtisas var ki, onu xaricdə öyrənmək daha yaxşıdır. Məsələn, gəmi mühəndisliyi və bənzər ixtisasların mükəmməl tədrisi üçün universitetlərin maddi-texniki bazası, laboratoriyaları uyğun olmaya bilər. Buna görə də xarici ali təhsil müəssisələri daha əlverişlidir.
Hazırda paytaxtda və regionlarda kifayət qədər rəqabət qabiliyyətli universitetlərimiz var. Həmin universitetlərdən biri də Qarabağ Universitetidir. Bura çox güclü maddi-texniki baza və professor-müəllim heyəti cəlb olunub. Regionlardakı universitetlər də son illərdə inkişaf edir. Elə ixtisaslar ola bilər ki, Qarabağda da yaxşı mütəxəssis yetişə bilər, Sumqayıtda da. Ona görə də ali təhsil müəssisəsinin regionda yaxud paytaxtda olması bir məna ifadə etmir”.