AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
12 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
12 avqust Beynəlxalq Gənclər Günüdür:
Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.
12 avqust Xəzər Günüdür:
2006-cı ildən başlayaraq hər il avqustun 12-də beş Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər Dənizi Gününü qeyd edirlər. 17 il əvvəl həmin gün Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib.
12 avqust Dünya Fil Günüdür:
Bu günün qeyd edilməsi fillərin qaçaq ovçular tərəfindən əsarət altında tutulmalarının, onların yaşayış sahələrinin yox edilməsinin qarşısını almaq məqsədi daşıyır. Dünya Fil Günü 2012-ci ildən bəri hər il avqustun 12-də qeyd olunur.
Azərbaycanın tanınmış pedaqoq alimi Fərhad Ağazadə 1880-ci ilin bu günü Şuşada dünyaya gəlib:
İnqilabdan əvvəl yazdığı məqalələrdə icbari təhsil, ana dilində məktəblər və müəllim seminariyaları açılması tələblərini irəli sürüb, dərslik və proqramlar tərtib edib. Sovet hakimiyyəti illərində bir sıra qəzet və jurnallarda işləyib. Ümumittifaq Mərkəzi Yeni Türk Əlifbası Komitəsinin üzvü olub.
Fərhad Ağazadə “Türk dilinin dirilmək və zənginləşmək yolları”, “Türk dilində vurğu məsələsi”, “Qramer” kitablarının müəllifidir.