Xəbər verdiyimiz kimi cüdo üzrə Azərbaycan millisi 16 ildən sonra Olimpiadada qızıl medal qazanıb.
AzEdu.az xəbər verir ki, bu uğura "Paris-2024" Yay Olimpiya Oyunlarında Hidayət Heydərov imza atıb. 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı Fransa paytaxtında fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan Himnini səsləndirib.
Bəs, görəsən, Hidayət Heydərov kimdir?
Hidayət Heydərov 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib.Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir.
O, Bakı şəhəri 277 nömrəli idman təmayüllü tam orta məktəbin məzunudur. Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində cüdo ilə məşğul olub.
Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.
O, 15 yaşında kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb.16 yaşında kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub.
17 yaşında isə Yunannıstanın paytaxtı Afina şəhərində keçirilən kadetlər arasında Avropa birinciliyində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Heydərov bir il əvvəl olduğu kimi, yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2015-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb.
Hidayət Heydərov 2016-cı ildə İspaniyanın Malaqa şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində iştirak edib. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu rumıniyalı Aleksandru Rayku, Polşa idmançısı Tomaş Çernyavski, böyük britaniyalı Daniel Pauell və kosovalı Akil Qyakova üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə gürcüstanlı Giorgi Katsiaşvilini də məğlub edən Hidayət Heydərov Avropa çempionu tituluna yiyələnib.
2017-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında iştirak edən Hidayət Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və macarıstanlı Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.
23 aprel 2017-ci ildə Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görülüb. 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnib.
Hidayət Heydərov hələ kiçik vaxtlarından döyüş idman növləri ilə yanaşı, futbola da maraq göstərib. O, uşaq yaşlarından "Mançester Yunayted" futbol klubunun qatı azarkeşidir. Hidayət boş vaxtlarında futbol və basketbol oynamağı sevir.
Ailəlidir, həyat yoldaşı Leyla Şahin tanınmış blogerdir.