AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
12 iyul tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
12 iyul 2020-ci ildə Tovuz döyüşləri başlayıb:
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib.
Döyüşdə düşmənin hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.
Azərbaycan milli dramaturgiyasının banisi, böyük yazıçı və filosof Mirzə Fətəli Axundzadə 1812-ci ilin bu günü Şəkidə (Nuxa) anadan olub:
O, yaradıcılığa şeirlə başlayıb, amma daha çox pyesləri, bədii nəsri və fəlsəfi əsərlərilə tanınıb.
Mirzə Fətəli Axundzadə 1850-1856-cı illərdə yazdığı “Müsyo Jordan alimi-nəbatat və Dərviş Məstəli şah cadugüni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara”, “Mürafiə vəkilləri”, “Xırs quldurbasan”, “Vəziri-xani-Lənkəran” komediyaları ilə Azərbaycan dramaturgiyasının əsasını qoyub. (1812-1878)
12 iyul dahi Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirə günüdür:
Sabir yaradıcılığında ХIХ əsrin sonu - ХХ əsrin əvvəllərində Azərbaycanın ictimai həyatı bütün dolğunluğu ilə öz əksini tapıb.
Şeirlərini əruz vəzninin ən oynaq bəhrlərində yazan Sabirin poeziyası sənətkarlıq, bədii forması və lirizmi ilə Azərbaycan, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatında xüsusi yer tutur. Onun şeirləri “Hophopnamə” adlı kitabda toplanıb. (1862-1911)
12 iyul 1993-cü ildə TÜRKSOY yaradılıb:
1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb.
TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub.