Fənlər üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.
AzEdu.az xəbər verir ki, 12-16 fevral 2024-ci il tarixlərində hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar üçün əyani, bölgələr üzrə qeydiyatdan keçmiş iştirakçılar üçün isə onlayn formada keçirilib.
Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev, fizika fənni üzrə Əlövsət Rəcəbli, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə Nərminə Seyfullayeva cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı müzakirələri davam etdiriblər.
Hazırlıq kurslarının məşğələləri növbəti həftə davam etdiriləcəkdir.