Dekabrın 15-16-da Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçirildi.
Qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edib. Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndə cəlb olundu.
Qurultayda iştirak edən müəllimlər və məktəb direktorları təəssüratlarını AzEdu.az-a bölüşüb.
Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru, riyaziyyat müəllimi İlqar Talıbov qeyd edib ki, bu qurultayda iştirak etmək qürurvericidir:
“Mən 5 il öncə Azərbaycan müəllimlərinin XV qurultayında da iştirak etmişəm. Müəllim və məktəb direktoru olaraq burada iştirak etməyin sevincini və qürurunu yaşayıram. Ötən qurultayda Qarabağ bizim üçün arzu, indi isə artıq reallıqdır. Bu gün Azərbaycanın suverenliyi tamamilə bərpa olunub. Düşünürəm ki, respublikanın bütün müəllimləri qurultayda sevinc, fərəh hissini yaşayır. Artıq "Böyük Qayıdış" planı həyata keçirilir və Azərbaycan təhsili Qarabağa qayıdır”.
Müsahibimiz qurultayda həmkarları ilə birgə təhsil üzrə aktual məsələləri müzakirə edib:
“Ötən qurultayda sertifikasiyanın tətbiqi ilə bağlı müəllimlər məlumatlandırıldı. Keçən ildən etibarən isə təhsilverənlər sertifikasiya prosesinə cəlb edilir. Bu prosesdə uğur qazanan müəllimlər də az deyil. Düşünürəm ki, bu məsələ Azərbaycan təhsilinin uğurudur.
Həmçinin, ötən illərə nəzərən regionlarda təhsilin inkişafı ilə bağlı önəmli addımlar atılıb. Bu dövrdə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi yaradılmış, eyni zamanda təhsilin inkişafı naminə optimal idarəetmə yolları öz əksini tapmışdır”.
“Ötən qurultayda sıravi bir müəllim, bu gün isə qabaqcıl təhsil işçisi olaraq iştirak edirəm”, - deyən İlqar Talıbov sözügedən qurultayın təhsilə böyük faydası olduğunu vurğulayıb:
“Riyaziyyat fənni üzrə paneldə iştirak etdim və burada müxtəlif mövzularda məsələlər geniş şəkildə müzakirə olundu. Hesab edirəm ki, Azərbaycan təhsilinin inkişafına bugünkü qurultayın faydası çox böyük olacaq”.
AzEdu.az-a danışan Bakı şəhəri 114 nömrəli məktəbin direktoru, əməkdar müəllim Ceyran Novruzova uzun illər pedaqoji sahədə çalışdığı üçün keçirilən qurultaylarda nümayəndə kimi çıxış etməsindən qürur hissi duyduğunu bildirib:
“Bu il keçirilən qurultayı daha önəmli hesab edirəm. Çünki Azərbaycan müəllimlərinin XVI qurultayı məhz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmişdir. Hesab edirəm ki, 2018-ci ildə Azərbaycan Müəllimlərinin XV Qurultayında qəbul edilən qətnamənin bütün tələbləri yerinə yetirilmişdir. Belə ki, təhsilin inkişafı sahəsində müəyyən addımlar atılmış, müəllimlərin fəaliyyəti qiymətləndirilmiş və stimullaşdırılmışdır. Hazırda əhəmiyyətli nailiyyətlər elm və təhsil sahəsində qazanılmış əldə olunan göstəricilər demək olar ki, Azərbaycanda təhsilinin inkişafından xəbər verir.
Ümidvaram ki, Azərbaycan Müəllimlərin XVI Qurultayında qəbul ediləcək qətnamənin bütün tələbləri yerinə yetiriləcək. Bu işdə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnnətdarıq və eyni zamanda təhsil sahəsində göstərdiyi diqqət və qayğıya görə Emin Əmrullayevə minnətdarlığımı bildirirəm”.
Bakı şəhəri Suraxanı rayonu 118 nömrəli məktəbin Tarix müəllimi, tarix üzrə fəlsəfə doktoru Amənə Kərbalayeva qeyd edib ki, qurultay onun üçün tarixi iz qoyub:
“Çünki 2013-cü ildə seçilmiş müəllimlər siyahısına daxil idim və həmin il “İlin müəllimi” oldum. Bu gün tarixi hadisə 10 il sonra təkrarlanır. 2013-cü ildən 2023-cü ilə qədər təhsil sahəsində xeyli dəyişikliklər baş verib. Bildiyiniz kimi, bu gün də 5 illik proqram hazırlanır. 2013-cü ildə diaqnostik qiymətləndirilmənin tətbiqi irəli sürüldü. Bu gün tarix panelində iştirak etdim və dərslikdən tutmuş təhsildə olan problemlərə qədər mövzular geniş şəkildə müzakirə edildi. Müəllimlərin diskussiyasında məndə iştirak etdim və fikirlərimi dilə gətirdim. 5 il əvvəl irəli sürülən tələblərin dərsliklərdə tətbiq olunması ilə bağlı təşəkkürümü ifadə etdim. Elm və təhsil naziri Emin Əmrullayev dünənki çıxışında 5 illin proqramını təqdim etdi. Həmin çıxışında təhsildə "5 il əvvəl nə oldu?" və "5 il sonra nə olacaq?" haqqında təkliflərini irəli sürdü. Hesab edirəm ki, 2 gün davam edən qurultayın nəticəsi özünü göstərəcək”.
Masallı rayonu Şərəfə kənd orta məktəbin Fransız-ingilis dili müəllimi, əməkdar müəllim Naidə Məmmədova söyləyib ki, bugünkü qurultay daha böyük dəyərə malikdir:
"Ulu öndərimizin hikmətli kəlamı var:"Heç bir təhsilin məzmununun keyfiyyəti, onun müəlliminin keyfiyyətindən yüksək ola bilməz". Bu gün təhsil sahəsi öz inkişaf yolunu keçir. Biz də bir müəllim olaraq daim öz üzərimizdə çalışmalı, beynəlxalq təcrübələrə əsaslanaraq təhsilimizi daha da təkmilləşdirməliyik. Bu da öz növbəsində dərsin keyfiyyətinə effektiv təsir göstərəcək.
Həyat durmadan inkişaf edir və bu inkişafın nəticəsində təhsil sistemi də, təlim üsulları da dəyişir. Getdikcə təhsilə klassik təhsil modellərindən fərqli olaraq yeni 3B öyrənmə mühiti təklif edən virtual və AR- artırılmış reallıq texnologiyaları daxil olur. AR texnologiyaları təhsilin məzmununun şagirdə ötürülməsi metodunu dəyişdirərək marağı artırır və daha dərin öyrənməni inkişaf etdirməyə kömək edir. Bu texnologiyalar biologiya,riyaziyyat,coğrafiya,xarici dil,tarix fənlərinin öyrədilməsində çox effektiv bir vasitə olacaqdır. Elm və Təhsil Nazirliyinin VI Qrant müsabiqəsinin qalibi olaraq aldığım qrantla beggining səviyyəsində Azərbaycanda ilk olaraq Masallı rayonunda belə bir innovativ texnologiyanın tətbiqinə başladım. Bizim kənd bu texnologiyanın tətbiqində bir ilk oldu. Düşünürəm ki, bu təhsilin inkişaf göstəricisidir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyi tərəfindən Astara rayonunda böyük "Təhsil festifalı" keçirildi. Və burada Nazirimiz təhsil məhsulları və nailiyyətləri ilə tanış oldu. Bu məhsulların arasında AR texnologiyaları və AR kitabları hörmətli Nazirimizin daha çox diqqətini cəlb etdi və tezliklə AR- la bağlı yerli məhsulumuzu da hazırlamağı bizlərə tövsiyə etdi. Hesab edirəm ki, tezliklə dünyada ən yüksək zirvələrdə Azərbaycan təhsilini görəcəyik”.