2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Tədbirlər Planına uyğun olaraq, Mərkəzin rəhbərliyi və kollektivi Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ərazisində keçirilən ağacəkmə aksiyasında iştirak ediblər.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
bildirilib ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər şəxsləri və əməkdaşları da iştirak ediblər.
Aksiyanın məqsədi ölkədə ekologiyanın qorunması və ətraf mühitin mühafizəsini hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, ekoloji tərbiyəni gücləndirmək, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.
Aksiya çərçivəsində qeyd olunan ərazidə Eldar şamı və zeytun ağacları əkilib.
Qeyd edək ki, aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.