“Universiteti bitirən tələbənin bilik, qabiliyyət və təcrübəsi işləmək üçün yetərli olmur”
Hazırda ölkəmizdə diplomlulardan ibarət böyük bir işsiz ordusu var. Vətəndaşlarımızın böyük bir hissəsi ali təhsilli olsalar da, əksəriyyəti oxuduqları ixtisasa uyğun olmayan sahələrdə çalışır, yaxud, tamamilə iş tapa bilmirlər.
Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa məzunların işsizliyinin əsas səbəblərindən söz açıb
“Azərbaycanda tələbələr məzun olduqdan sonra iş tapa bilməməsinin əsas səbəbi özəl sektorun inkişaf etməməməsidir.İşə qəbul olmaq üçün bir yerə on nəfər sənəd verib müsabiqədən keçə bilmir. Həmin şəxsləri ehtiyatda saxlayırlar. Buna görə də, bəzi şirkətlər də öz tanış və yaxınlarını işə cəlb edir ki, bu da elə problemlərin yaranmasının əsas səbəbinə çevrilir. Özəl sektor inkişaf etməsə həmin şəxslərin işlə təmini də mümkün olmayacaq. Çünki, özəl sektor kifayət qədər problemlər yaşayır və burada iqtisadi azadlıqlar normal səviyyədə deyil. Bu səbəbdən gənclərimiz xaricdə oxuyub, iş tapmağa üstünlük verirlər.
Gənclərimizin ali məktəblərdə öz ixtisasını normal səviyyədə almaq imkanı yoxdur. Universiteti bitirən tələbənin bilik, qabiliyyət və təcrübəsi işləmək üçün yetərli olmur.Tibb tələbəsi məzun olduqdan sonra rezidentura keçmədən, təcrübəsi olmadan işləyə bilməz. Azərbaycanın təhsil standartları normal məzun yetişdirməyə imkan vermir. İşsizlik vəziyyəti təkcə məzunların deyil, əhalinin bütün kateqoriyalarına aiddir. Hazırda bu problemin aradan qaldırılması üçün çıxış yolu görülmür.Müəyyən islahatlar nəzərdə tutulsa da, bu sahədə konkret addımlar atılmır”.
Deputat, işsizlik probleminin həll yollarından danışıb:
“Bəzi universitetlərimiz var ki, elə tələbəlik illərindən müqavilə bağlayaraq əmək bazarına tələbələrin cəlb olunması üçün tez-tez tədbirlər keçirirlər. Məzun olandan sonra onların iş tapması nisbətən asan olur. Keyfiyyətli təhsil verən universitetlərimiz də var ki, tələbələri məzun olduqda onları işlə təmin edə bilirlər. Amma, bütövlükdə bazar məhduddur. Alternativlər olmadıqdan sonra insanların iş tapa bilməməsini normal qəbul etməliyik. Bunun əsas həll yolu bazarı dar çevrədən çıxarıb genişləndirməkdir”.