Dünyanın müxtəlif ölkələrindən bir çox insanların İngiltərəyə köç etməsinin əsas səbəblərindən biri də övladlarının orada daha keyfiyyətli təhsil almaları və ingilis dilini tam sərbəst, akademik səviyyədə öyrənmələridir.
Bunları nəzərə alaraq İngiltərə haqqında insanları ən çox maraqlandıran suallardan biri də İngiltərə təhsil sisteminin necə olmasıdır.
Bəs İngiltərədə təhsil sistemi necədir? Təhsil müəssisələri ödənişli yaxud ödənişsiz əsaslarla fəaliyyət göstərir?
AzEdu.az bu suallara cavab olaraq İngiltərə təhsil sistemini təqdim edir.
İngiltərədə təhsil sistemi 5 mərhələdən ibarətdir: “Early Years”( məktəbəqədər təhsil), “Primary” ( İbtidai təhsil), “Secondary”( ümumi-orta təhsil), “Further Education” ( tam orta təhsil) və “Higher Education” ( Universitet).
Uşaqların 3-4 yaşlarında olduğu məktəbəqədər təhsil mərhələsində tədris ailələrin istəyinə bağlı (könüllü) və ödənişlidir. Ailələr istəyərsə uşaqlarını ödənişli olaraq bağçaya göndərə bilərlər. Bu mərhələdə işləyən ailələr tədrisin ödənişi üçün dövlətdən müəyyən miqdarda sosial yardım alma haqqına sahibdirlər.
3 təhsil pilləsi hökümət tərəfindən ödənişsiz tənzimlənir
Qanunlara görə məcburi təhsil 5-16 yaş arası müddəti əhatə edir. Ancaq 1 sentyabr 1997-ci ildən sonra dünyaya gələnlər üçün isə məcburi təhsil 18 yaşına kimidir. “Primary school” (İbtidai təhsil), “secondary school” (ümumi-orta təhsil) və “further education” (tam orta təhsil ) mərhələlərini əhatə edən məcburi təhsil müddəti İngiltərə höküməti tərəfindən ödənişsiz olaraq tənzimlənir.
Uşaqların təhsil alacağı ümumi-orta təhsil müəssisəsini bələdiyyə seçir
Uşaqlar 5 yaşlarına çatdıqda ailələr məcburi olaraq övladlarını onlara uyğun məktəbə göndərməlidirlər. Məktəb yaşı hesablanarkən həmin il 31 avqustda uşağın hansı yaşında olması əsas götürülür.Məktəb seçimi üçün valideynlər tərəfindən siyahı hazırlanır və bələdiyyəyə göndərilir. Bələdiyyə yaşadığınız ünvana, məktəbə gedəcək uşaqın bacı və qardaşının oxuduğu məktəbə və məktəbin uyğunluğuna görə seçib uşağı yerləşdirir. Yəni müxtəlif ölkələrdən 5-16 yaş arası övladları ilə İngiltərəyə köç edən ailələr ev tutaraq ünvanla birlikdə Bələdiyyəyə müraciət etməldirlər. Ölkəyə ilin hansı vaxtında gəlməyinizdən asılı olmayaraq övladınız təhsil almağa məcbur olduğu üçün mütləq şəkildə siz də müraciət etməyə məcbursunuz. Eyni zamanda Bələdiyyə də övladınızı məktəbə yerləşdirməyə məcburdur. İngiltərədə Home educate ( evdə təhsil) deyə təhsil metodu da var ancaq bu əsasən sağlamlıqla bağlı problemi olan uşaqlar üçün istifadə edilir.
Hər təhsil pilləsi iki mərhələyə bölünür
İngiltərədə təhsil Milli tədris planına əsasən həyata keçirilir və bütün dövlət məktəbləri bu tədris planına uyğun şəkildə sistem qurur. “Primary School” ( ibtidai təhsil) “Key stage 1” və Key stage 2, Secondary School ( ümumi orta təhsil) Key stage 3 və Key stage 4 olmaqla mərhələlərə bölünür. Daha sonra isə Sixth from collage ( Key stage 5) və universitet mərhələsi gəlir.
Ümumi-orta təhsil pilləsinin sonunda məktəblərin təhsil keyfiyyətini ölçmək üçün imtahanlar təşkil edilir
Key Stage 1 qəbul sinfi ilə ikinci sinif arasında 5-7 yaş aralığındakı uşaqları, Key stage 2 isə üçüncü sinif və altıncı sinif arasındakı 8 - 11 yaş aralığındakı uşaqları əhatə edir. Key stage 2 sonunda uşaqlar SATS (Standart Attainment Tests) adlandırılan ölkə səviyyəsində imtahanlar verirlər. Ancaq bu imtahanlarda uşaqların deyil məktəblərin təhsil səviyyələri ölçülür. İbtidai təhsilin sonunda keçirilən bu imtahanlar şagirdlərin gedəcəkləri ümumi-orta təhsil müəssisələrinə hər hansı bir təsir göstərmir. Şagirdin təhsil olacağı ümumi-orta təhsil müəssisəsi 6-cı sinfin sonunda müəyyən edilir, SATS imtahanı isə tədris ilinin sonunda keçirilir.
Grammer School imtahanlarına əsasən şagirdin təhsilini davam etdirəcəyi müəssisə müəyyən edilir
İbtidai təhsil alan şagirdlərin gedəcəkləri ümumi –orta təhsil müəssisəsinə təsir edəcək tək imtahan 6-cı sinfin əvvəlində keçirilən Grammer School imtahanıdır. Olduqca çətin olan bu imtahanda məktəbə görə yüksək nəticə göstərənlər ümumi-orta təhsil pilləsini yaşadığı şəhərdə yaxud istədiyi başqa bir şəhərdəki akademik uğuru olduqca yüksək olan Grammer məktəblərində oxumağa haqq qazanırlar.
Dərs ili ərzində çox sayda qısa müddətli tətillər verilir
İngiltərədə ibtidai təhsil müəssisələrindəki dərs ili müddəti ortalama 38 həftə, yay tətili isə 6 həftədir. Bununla yanaşı 2 həftə Yeni il tətili, iki həftə bahar tətili( pasxa bayramı), Oktyabr, Fevral və May aylarında da bir həftəlik half term ( yarım il) tətili verilir. İngiltərə məktəblərində yay tətili iyulun 3-cü həftəsi başlayır və sentyabrın ilk həftəsinə kimi davam edir. Yəni İngiltərədə uzun yay tətili əvəzinə ilk boyu müəyyən vaxtlarda qısa müddətli tətillər verilir.
Valideynlərin seçimi üçün məktəblər dəyərləndirilir və nəticə internetə yerləşdirilir
İngiltərəyə köçən zaman ailələr üçün çətinlik yaradan mövzulardan biri də məktəb seçimidir. Uşaqların yaxşı məktəblərdə təhsil almağını istəyən valideynlər bu məktəblərin yaxınlığında yaşamalıdırlar. Bəs məktəblərin təhsil keyfiyyəti necə öyrənilir? Uşaqlar və gənclər üçün təhsil verən müəssisə və şəxsləri müəyyən zamanlarda yoxlayan dövlət idarəsi olan OFSTED (Office for Standards in Education, Children’s Services and Skills) məktəblərdə yoxlama keçirir, sinifləri, şagirdləri və məktəb rəhbərlərinin fəaliyyətini incələyib hesabat hazırlayır. Bu hesabatlara internet vasitəsi ilə hər kəs baxa bilər. Məktəblər:
olaraq dəyərləndirilir.
Şagirdlər yuxarı sinifdə keçəcəkləri dərsləri özləri seçir
Key Stage 3 - 7, 8 və 9-cu siniflərdə təhsil alan 12-14 aralığındakı şagirdləri əhatə edir. Bu mərhələ üçün rəsmi imtahanlar keçirilmir. Ümumi-orta təhsil pilləsinin sonunda şagirdlər 10 və 11-ci siniflərdə təməl dərslərlə (Riyaziyyat,İngilis dili və Elmi biliklər) yanaşı hansı dərsləri keçmək istədiklərini seçirlər. Key Stage 4 isə 10 və 11-ci siniflərdə təhsil alan 15-16 yaş aralığındakı şagirdləri əhatə edir. Bu mərhələ İngiltərə təhsilində ən vacib dövr olaraq hesab edilir. Bu təhsil pilləsinin sonunda şagirdlər GCSE (General Certificate of Secondary Education), yəni ümumi orta təhsil pilləsini bitirmə imtahanı olaraq bilinən imtahanı verirlər. GCSE sertifikatını alan şagirdlər istəyərlərsə 2 il sonra 18 yaşlarında Yüksək Səviyyə Təhsil Diplomu (Certificate of Education at Advanced Level-GCE A-Level) üçün imtahan verməyə haqq qazanırlar. Yalnız bu imtahanın nəticələrinə əsasən şagirdlər universitetə qəbul ola bilərlər.
Növbəti təhsil pilləsində şagirdlər təhsilini peşə təhsili üzrə yaxud akademik istiqamətdə davam etdirə bilərlər
Key Stage 5 - 12 və 13-cü siniflərdə 16-18 yaş aralığındakı şagirdləri əhatə edir. Bu təhsil pilləsi 16 yaşını tamamlamış şagirdləri 2 il boyunca Yüksək Səviyyə Təhsil Diplomu (Certificate of Education at Advanced Level-GCE A-Level) qısaca A - Level yəni qəbul imtahanlarına hazırlayır. Bu mərhələdə şagirdlər könüllü olaraq akademik olaraq A-Level və ya peşə kursları olan BTEC kurslarında təhsillərini davam etdirə bilərlər. İki kurs modeli də şagirdləri universitetəı hazırlayır. Ancaq A- Level imtahanı üçün təhsil alan şagirdlər akademik olaraq daha çox dərsin məlumata sahib olduqları üçün daha nüfuzlu və yaxşı universitetlərə göndərilirlər. Eyni zamanda .agirdin qəbul olacağı universitet bu imtahanın nəticələrinə əsasən müəyyənləşir. BTEC kimi peşə kurslarına qatılan şagirdlər isə kursun sonunda universitetə ehtiyac olmadan birbaşa iş həyatına addım ata bilərlər.
İngilis və Avropa Birliyi vətəndaşları ömür boyu ödənişsiz ali təhsil ala bilərlər
İngiltərədə ali təhsil ödənişlidir. Universitetin illik ödənişləri İngilis və ya Avropa Birliyi vətəndaşları üçün 6 - 9 min Sterlin(İngiltərə pul vahidi) arasında olduğu halda, digər tələbələr üçün 15 - 25 min Sterlin arasında dəyişir. İngiltərə və ya Avropa Birliyi vətəndaşı olan tələbələr iş həyatına başladıqdan sonra universitetin təhsil haqqını ödəmək üçün Regional Təhsil Müdürlüklərinə müraciət edə və universitet həyatı boyunca pulsuz təhsil ala bilərlər. Başqa ölkələrin vətəndaşları üçün isə belə bir fürsət yoxdur.
Universitetlər müstəqil qurumlar olsalar da dövlət tərəfindən maliyyələşdirilirlər
İngilis vətəndaşı, yaxud İngilis vətəndaşlığı almış xarici ölkə vətəndaşı olmağınızdan asılı olmayaraq övladınızın təhsil haqqının dövlət tərəfindən qarşılanmasını istəyirsinizsə o əvvəlki 3 illik təhsil müddətini İngiltərədə keçməlidir. Əks təqdirdə İngilis vəttəndaşı olnmayan biri olaraq heç bir avantajınız olmur. İngiltərədəki universitetlər müstəqil qurumlardır və digər Avropa ölkələrində olduğu kimi dövlətə məxsus deyildir. Ancaq yenə də onların böyük əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir.