Təhsil naziri Emin Əmrullayev son çıxışı zamanı PİSA qiymətləndirməsində oxuyub-yazma üzrə ölkəmizin nəticələrinin ürəkaçana olmadığını vurğulayıb.
AzEdu.az-a danışan təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov problemin əsas səsbəbini əzbərçilik sistemində gördüyünü deyib:
“Yaxın zamanlarda ədəbiyyat kitabları müzakirəyə çıxarıldı. Həmin nəşrlər yenidən tərtib edilməlidir. Çünki şagirdlərin analitik təhlil bacarıqları ilə bağlı problemləri mövcuddur. Yəni, onlar oxuduqlarından daha çox qrammatik biliklərə ütünlük verirlər.
Azərbaycan dilində daha çox qrammatika öyrədilir. Lakin mütaliə vərdişləri qazandırmaq, oxunulan mətnlərin qavranılması, hekayələrin davamının gətirilməsi kimi vərdişlər azlıq təşkil edir.
İEIST, TOFEL kimi beynəlxalq dil imtahanlarının böyük hissəsi oxuma və qavramaya həsr olunur. Çünki yeni dövrün tələbləri elmi-tədqiqat aparması üzərində qurulur. İnsanlar oxuduqları məntnlərin sonunda nəticəyə gələrək ondan hökm çıxarırlar. Onlar mühakimə edərək, tənqidi fikirlərini formalaşdırmalıdırlar. Hazırda bu kimi bacarıqlar magirtratuta, doktorantura tələbələrindən və hanısısa şirkətin işçisindən tələb olunur. İnsanlar yeni dövrdə bu kimi bacarıqlara sahib olmalıdır”.
O, tədrisdə əzbərçiliyin yaranmasında valideynlərin də rolunun olduğunu vurğulayıb:
“Lakin bu kimi bacarıqlara sahib ola bilmirik. Dövlət İmtahan Mərkəzi daha çox qrammatik və əzbərçi bilikləri test edir. Biz çox vaxt sevinirik ki, övladımız aşağı siniflərdən şeirlər bilir. El arasında mənası bilinməsə belə, qəşəng şeirlər xoş gəlir. Valideynlər bunlardan fərəh duyurlar. Lakin övladlarımız kitab oxuyarkən onun mənasını anlayıb, şərh bildirir və məsələ ilə razılaşmırsa, həmin uşaqlara rəğbətimiz yüksək olmalıdır. İlk olaraq valideyn və müəllimlərin təfəkkürü dəyişməlidir. Çünki valideynlər istəyirlər ki, övladları əzbərdən şeir desin. Müəllim də onların tələblərinə cavab vermək və daha yaxşı təhsil işçisi obrazı ortaya qoymaq üçün şagirdi əzbərlətməyə başlayır. Əzbər heç lazım deyil, demirəm, lakin məna itir və məsələ anlamsızlaşmaya doğru gedirsə, bu, ciddi problemdir. Misal olaraq, Qurani-Kərimi əzbərləyir, amma onun mənasını bilmir. Bu kimi əzbərçilik ənənələri bizim dil öyrənməmizə də keçib. Dili öyrənmək istədikdə ilk olaraq sözləri əzbərləyirik. Bu kimi məsələlərdən uzaqlaşaraq, qərbin yanaşmasını əsas götürsək, hər şey yaxşı olacaq. Biz baxmalıyıq ki, şagirdlərimiz oxuduqlarını nə dərəcədə anlayır, necə dərk və mühakimə edir. Bu qabiliyyətləri aşılamaq üçün müəllimlərimiz də təlimlərdən keçməli, kitablarımız da yenilənməlidir. Valideynlərin də kütləvi informasiya vasitələri sayəsində təfəkkürlərini dəyişməlidir”.