Müəllimlərin böyük marağına səbəb olan "İlin gənc müəllimi-2022" müsabiqəsinə start verilib.
Müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu Təhsil Portalının birgə təşkilatçılığı ilə keçirilir.
Yarışmanın məqsədi bilik-bacarıqları, peşələrinə xüsusi rəğbəti ilə fərqlənən, uğur hekayələri ilə həmkarlarını geridə qoyan müəllimləri geniş ictimaiyyətə tanıtmaqdır.
Bu, onlar üçün motivasiya olmaqla yanaşı, müəllim ordusu üçün də örnək rolunu oynayıb, onları uğura səsləyib.
Artıq 4-cü ildir ki, təşkil olunan müsabiqənin bundan əvvəlki 3 buraxılışı xeyli sayda bacarıqlı müəllimi ölkəyə tanıtmış və yarışma onlar üçün bəlkə də yeni bir mərhələ, böyük uğurlar qapısı olub.
Hər halda, özləri belə deyirlər:
“İlin gənc müəllimi”nin finalçısı, Astara şəhər 1 saylı tam orta məktəbin inglis dili müəllimi Babək Rzazadə müsabiqənin onun həyatında nələri dəyişdiyindən söz açıb:
“Ötən ilə kimi Lerikdə müəllim olaraq fəaliyyət göstərirdim, lakin sosial aktiv təhsil işçisi deyildim. Hətta “youtube” üçün video çəkməyə belə utanırdım. “İlin gənc müəllimi” müsabiqəsinə müraciət etdikdən sonra özümə olan güvənim xeyli dərəcədə artdı.Tanınmağa başladım və digər layihələrdə də iştirak etməyə qərar verdim. Bir çox tədbirlərdə iştirakım məhz “İlin gənc müəllimi”-nin final mərhələsinə seçildiyim üçün mümkün oldu. Valideynlər arasında da nüfuzum xeyli artdı. Yaşadığım rayonda olan digər müəllimlərlə geniş formada əlaqələrim inkişaf etdi. “İlin gən müəllimi” həyatımda çox böyük rol oynadı. Müsabiqə mükəmməl təşkil edilmişdi. Müəllimlik adımın ucalmasında və böyüməsində heç bir layihə bu qədər rol olmamışdı. Hətta indi iştirak edəcək müəllimlərə həsəd aparıram, təəssüflənirəm ki, bu il iştirak edə bilməyəcəm”.
O, müsabiqədə nə kimi yenilikləri görmək istəməsindən söz açıb:
“Bu il səsvermə ilə bağlı tətbiq edilən yeniliklər məni çox sevindirdi. Qalan hər şey gözəl və yerindədir. Müsabiqə “Qlobal teachers” ilə eynilik təşkil edir”.
Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülər Bayramova müsabiqənin onun həyatını necə dəyişdiyi haqqında fikirlərini bildirib:
“Müsabiqə həyatımda çox şeyi dəyişdi. “İlin gən müəllimi”-nə qatılana kimi fəaliyyətimdən əmin deyildim. İşlərimi təqdim etməkdən çəkinir, onları paylaşmağı sevmirdim. Lakin müsabiqədən sonra özümdə əminlik yarandı. Hiss etdim ki, müəllim olaraq varam və işlərim diqqətçəkən xarakter daşıyır. ”İlin gənc müəllimi”-dən sonra həyatımda köklü dəyişiklər oldu. Bir çox həmkarlarımla yeni tanışlıqlar etdim və müsabiqədə iştirak edən digər şəxslərlə də ünsiyyət qurdum. Hələ də finalçılarla olan əlaqəmiz davam edir. Orada əldə etdiyim motivasiya və dəstək vasitəsi ilə özümə olan inamım artdı, sonra qrant müsabiqəyə müraciət etdim. Biz Qənirə xanımla görüşən vaxt o, biz aktivliyimizi artırmağı tövsiyə etmişdi. Bundan başqa əlavə layihələrə qatıldım, bir neçə məqaləm xarici ölkədə çap olundu. Həyatımda yaxşılığa doğru çox şey baş verdi. Buna görə də AzEdu təhsil portalına minətdaram”.
Müəllim müsabiqədə nə kimi yeniliklər görmək istədiyini deyib:
“İstəyərdim ki, bu il təşkil edilən “İlin gənc müəllimi” müsabiqəsində finala seçilən müəllimlərlə öncəki illərin finalçıları arasında onlayn görüş təşkil edilsin, maraqlandıran suallarla bir-birimizə müraciət edək və debat xarakterli görüş olsun. Arzulayardım ki, “İlin gənc müəllimi”nə qatılan şəxslərin resursları, yazdıqları məqalə və planları toplu şəklində cəmiyyətə təqdim edilsin”.
Abşeron rayon Xırdalan şəhər 7 nömrəli tam orta məktəbinin musiqi müəllimi Pərvin Əşari müsabiqənin onun həyatına təsirindən söz açdı:
“2019-cu ildə keçirilən “İlin gənc müəllimi” müsabiqəsində müsiqi fənni üzrə yalnız mən iştirak edirdim. Müsabiqəyə qatılmağım məktəb rəhbərliyi və şagirdlər tərəfindən sevinclə qarşılandı.
Müsabiqədən sonra Təhsil Nazirliyində ekspert olaraq çalışmağa başladım. Burada dərsliklərin işlənməsi üzrə ekspert kimi fəaliyyətimi davam etdirdim. Müsabiqədə iştirak etmək mənə uğur gətirdi və düşərli oldu”.
O, nə kimi yeniliklər görmək istədiyini dedi:
“Çox istəyərdim ki, səsvermə onlayn olmasın. Proses əyani baş tutduqda daha şəffaf olur. Belə olduqda əlavə müdaxilələr çox olmur. Yalnız münsiflər heyəti vasitəsi ilə bal verilsə və ya müəllimlər dərs prosesini canlı göstərsələr daha yaxşı olar. Qalan hər şey yerindədir”.
Qeyd edək ki, layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər.
Müsabiqəyə qatılmaq istəyənlər buradakı form vasitəsilə qeydiyyatdan keçə bilərlər.