“Bakıda çalışan müəllimlərin qavradığı bilikləri rayonlardakı təhsil işçiləri əldə edə bilmirlər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında professor Fərrux Rüstəmov deyib.
İyun ayından etibarən dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır.
Proses nə dərəcədə əhəmiyyətli, yoxsa, formal xarakter daşıyacaq?
Fərrux Rüstəmov əvvəlki dövlərdə də bu kimi qiymətləndirmə metodlarının tətbiq edildiyini deyib:
“Son illər təhsil sahəsində bir çox islahatlar həyata keçirilib. Bunlara məzmunun yenilənməsi, texnologiyanın müasirləşməsi, müəllimlərin kadr hazırlığının təkmilləşdirilməsi, məktəbin infrastrukturunun inkişafı, təhsil müəssisələrinin kompüterlərlə təhciz edilməsi daxildir.
SSRİ zamanında dövlət tərəfindən ayrılan vəsait hesabına müəllimlər 5 ildən bir məcburi şəkildə sertifikasiyadan keçirilirdi. Həmçinin, digər pedaqoji işçilər də bu prosesdən kənarda qalmırdı. Məqsəd 5 il müddətində təhsilin məzmun və idarəetməsində olan yenilikləri ictimaiyyətə çatdırmaq idi".
Fərrux Rüstəmov sertifikasiyanın niyə vacib olmasına aydınlıq gətirib:
“Hazırda ucqar rayonlarda yaşayan müəllimlər üçün yeniliklərin bir çoxu əlçatan deyil. Çünki 4-5 ildən bir dərsliklər dəyişir, yeni mövzular əlavə edilir. Müəllimlərin daima öz üzərində işləməsi üçün mütəmadi olaraq bu və ya digər şəkildə yoxlanılmaların tətbiqi vacibdir. Təhsil işçilərinin diaqnostik qiymətləndirilməsi keçirilən zaman müəyyən narazılıqlar baş vermişdi. Sonra bunların hamısı aradan qaldırıldı və müəllimlər etiraf etdi ki, biz xeyli nüanslar öyrənə bildik.
Sertifikasiyanın keçirilməsində məqsəd ümumtəhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyələrinin, yararlığının yoxlanılması, onların peşə inkişafına nail olunması, ehtiyaclarının ödənilməsidir. Bu vasitə ilə biz müəllimlərin vəzifəyə yararlı olub-olmamasını öyrənmək imkanı əldə edəcəyik. Bakıda çalışan müəllimlərin qavradığı bilikləri rayonlardakı təhsil işçiləri bilmir. Çünki onlar üçün şərait əlçatan deyil, internet yoxdur, informasiya mənbələri azdır, qəzet və jurnallar bu ərazilərə çatdırılmır.
Sertifikasiya Azərbaycan müəllimlərinin özündə yeni güc-qüvvə tapıb yeniliklər etməsinə şərait yaradacaqdır.
Müəllimlər 5 ildən bir baş verən yeniliklərlə tanış olmalı və sertifikat almalıdır ki, peşələrinə hazır olduqları bilinsin. ABŞ-da pis müəllimin cəzası onun sertifikasiyadan keçməməsidir. Burada elə bir qorxulu şey yoxdur, bu, sadəcə inkişafa aparan yoldur. Lakin hədəfi düzgün müəyyən etmək və axıra kimi getmək lazımdır”.