“Kişilərin məktəblərdə işlə təmin edilməsi üçün həvəsləndirici tədbirlər həyata keçirilməlidir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq deputat, tanınmış pedaqoq Sona Əliyeva deyib.
O, müəllimlərin işə qəbulu imtahanlarının strukturunda hansı dəyişiklərin edilməli olduğu məsələsinə aydınlıq gətirib:
“Müdavimlər 4 il universitet oxuyur, sonra isə məktəbdə çalışmaq üçün MİQ imtahanı verirlər. Onlar kurslara gedərək əlavə pul xərcləyirlər. Bu problemin də kökünü taparaq onun həllinə istiqamətlənmək lazımdır. Ən əsas məsələlərdən biri də məktəblərdə vakant yerlərin gizlədilməsi ilə bağlıdır. Məqsəd müəllimi işlə təmin etməkdir. Cənab Prezident bütün çıxışlarında qeyd edir ki, Azərbaycanın əsas məqsədi insan kapitalının yetişdirilməsinə dayanır. Biz ölkənin gələciyini savadlı gənclərdə görürüksə, təhsil sistemində olan problemlər mütləq şəkildə həll edilməlidir. Gənc müəllimlər işlə təmin olunmalıdır. Kişi cinsindən olan nümayəndələrin məktəblərdə işlə təmin edilməsi üçün müəyyən həvəsləndirici tədbirlər həyata keçirilməlidir. Əmək Məcəlləsində qadınlara çox böyük güzəştlər edilir, amma bu, kişilərə tətbiq edilmir. Lakin təhsil sistemində kişilərə güzəştlər edilsə, onların inteqrasiyasını daha da gücləndirə bilərik. MİQ imtahanın əsas düsturu şəffaflıq və ədalətdir. DİM illərdir ki, imtahan keçirir. 1992-ci ildən kiminsə keçmiş TQDK, indiki DİM-in ona qarşı haqsızlıq etdiyi ilə bağlı ittihamı yoxdur. Heç kim DİM-in onun balını kəsdiyini iddia etməyib. Hər zaman suallarda qarışıqlıq olduqda o, vətəndaşların xeyrinə həll edilib. Təhsil Nazirliyi MİQ-in keçirilməsində DİM-in təcrübəsindən yararlana bilər. Lakin TN bunu bacarmırsa, o zaman müəllimlərin işə qəbulu imtahanları DİM-ə verilməlidir. Hər bir məsələ vətəndaşın xeyrinə həll olunmalıdır. Dövlətin vətəndaşına qarşı ədalətli olmaq məsuliyyəti var. Bu dəyərlər qorunmalıdır. MİQ-lə bağlı etirazlar həddindən artıq çoxdur. Sosial şəbəkədə bununla bağlı kifayət qədər fakt var. Mən onların nə dərəcədə haqlı olduğunu deyə bilmərəm. Lakin belə yanaşmalar minlərlədir. Yəni ölkədə olan 150 mindən çox müəllimi idarə etmək bu qədərmi çətindir? Narazılıqlar həmişə olacaq, olmaması münkün deyil. Lakin hər bir halda bu ciddi narazılıq şəklinə gəlib çıxmamalıdır. Güman edirəm ki, keçən il olan nöqsanlardan dərs alınaraq, 2022-də MİQ müsabiqəsində olan narahatlıqların qarşısı alınacaq”.