Lakin artıq çox gec idi. Axundova qarşı fikir çoxdan dəyişmiş, pedaqoji sovet də öz kafi qiymətini vermişdi. Onda Axundovun qarşısında yalnız bir yol qalır: özünə qəsd etmək! Müəyyən yolla tapança əldə edir. 1893-cü ilin 22 yanvar gecəsində özünü öldürməmişdən əvvəl öncə dayısı üçün kiçik qeyd yazır. Araşdırmaçı, arxiv bilicisi Aslan Kənanın yazıçı ilə bağlı tədqiqat əsərində həmin qeydin mətni bu cürdür:
İkinci “şanlı məktubu” isə seminariyadakı ən yaxın dostu Musaya yazır:
“Əziz qardaşım, Musa!
Sənin dostun elə bir səfərə gedir ki, əlbəttə, oradan kimsə geri qayıtmır. Artıq mənim həyatım belə yaranıb. Məni başa düşmədiklərinə görə yazıram. Artıq hər şeyi yaddan çıxarıb, yalnız düşünülməmiş əbədi və soyuq yuxuya gedirəm. Doğmalarımdan heç birini görmədən bu işıqlı dünyadan ayrılmaq çətindi.
Bilirəm ki, hamı məni qınayacaq. Biri deyəcək dəli idi, o biri deyəcək ki, özündən asılı olmadan bu hərəkəti edib.
O zaman sən məni müdafiə et. Sabah gəlib qarşında nə görəcəksən? Qana boyanmış meyid sənin qarşında.
Hərdən yada sal və yaddan çıxarma!” (Aslan Kənan, “Ağlaya-ağlaya sevdiyim yazıçı”)
Nəhayət, üçüncü və sonuncu məktubunu isə onun həyatını zəhərləmiş inspektor Çernyayevskiyə yazır:
“Möhtərəm, Aleksey Osipoviç!
Mən tatar şöbəsində yaşadığım səkkiz il müddətində heç kəsə pislik etməmişəm. Heç bir yoldaşı incitməmişəm. Onların heç biri məndən narazı qalmayıb. Onlara qardaş kimi yanaşmışam. Mən o qədər inanıram ki, onlardan heç biri Axundov haqqında pis fikir söyləməz və nə zamansa fırıldaqçılıq etdiyim barədə danışmaz.
Ancaq siz? Siz nəinki məndə bu hərəkəti tapmadınız - hansı ki, mən doğrudan da həmin şəxslərdənəm - əksinə, belə qənaətə gəldiniz ki, ağılsız, yüngülxasiyyət, həm də axmaqam.
Buna görə də əsəbləşdim və inandım ki, siz nə vaxtsa məni tanıyacaqsız. Lakin nahaq! Mən təmiz qəlbli vəhşi asiyalıyam ki, öz mənliyim sizin tərəfinizdən ləkələnib. Ağarmış saçlarınızdan utanın.
Görün, siz mənə qarşı nələr etdiniz?!
Əlvida! Hərdən şagirdlərinizi yada salın!” (yenə orada)
Bu, artıq son söz idi. 17 yaşlı gənc kiçik tərəddüdlə dostundan 9 manat borc alaraq, aldığı tapançanı özünə tərəf tuşlayır. Gicgahına dayamağa ürəyi gəlmir. Əli ilə tapançanı bir az uzaqlaşdırıb alnını nişan alır...Gözlərini yumur... Və... Atəş açılır....
Bir neçə saniyədən sonra bütün Qori Seminariyası hadisə yerinə gəlir. Hamının gözü iki rus həkimdədir. Onların sözü isə belə olur: “Qorxulu heç nə yoxdu! Güllə sadəcə, sol yanağında sıyrılaraq keçib”.
O zaman üzü qan içində olan gənc Axundov sonradan bunu çox xatırlayacaqdı...
İndi isə keçək, digər aydının - Ömər Faiq Nemanzadənin məktəbdə üzləşdiyi faciəyə...
Onun faciəsinə səbəb İstanbulun “Dar-üş şəfəq” məktəbində oxuyan zaman tələbə dostları ilə birgə üsul-idarəyə qarşı qaldırdığı qiyam olub. Belə ki, başqa tələbələrlə birgə onu da həbs edib şallaqlayırlar. 30 şallaqdan sonra huşunu itirən Öməri sonra elə o məktəbin həyətində zirzəmilərdə hazırlanmış təkadamlıq kameraya salırlar. Həmin kameranın yalnız yuxarısında çox kiçik bir nəfəslik olub ki, ordan da gündə bir dəfə para çörək və su verirlərmiş. O illəri Nemanzadə bu cür xatırlayır: “O zaman mənim payıma 30 zopa ilə, bir ay həbs düşdü. Zopalardan sonra yarım saata qədər olduğum yerdən qalxa bilmədim. Qalxandan sonra isə düz həbsə göndərildim. Bu həbs yadıma gələndə indi də diksinirəm.
Bu həbsxanaya döşək nədir, adicə həsir belə qoymazdılar. Buradakılar çörək nədir bilməz, adicə quru çörəyə belə, həsrət çəkərdilər. İşıq deyilən şey görünməzdi. Gecə ilə gündüz bilinməzdi. Bir aydan sonra oradan çıxdım. Zəiflikdən gəzə bilmirdim. 2 aya qədər xəstəxanada yatdım. İki-üç ay qalıb sağ çıxan yoldaşlarımı isə tanımaq olmurdu. Çoxunun vücudu ərimiş, qurumuşdu”.